BEYNƏLXALQ TƏŞKİLATLAR BLOQÇULARIN HƏBSİNİ PİSLƏYİR

İnsan Hüquqları Evi (Norveç) beynəlxalq hüquq-müdafiə təşkilatları şəbəkəsi bloggerlər Adnan Hacızadə və Emin Milli barəsində hökmü pisləyən bəyanatla çıxış edib.

Bir çox ölkələrin 30-dan çox hüquq-müdafiə qurumlarının birləşdiyi şəbəkənin bəyanatında etiraz ifadə olunub və Azərbaycan hakimiyyəti demokratiya pozuntularına son qoymağa çağırılıb. “Biz Azərbaycan hakimiyyətini demokratik dəyərlərin və ilk öncə ifadə azadlığının müdafiəsi üzrə adekvat tədbirlər görməyə çağırırıq”, deyilən bəyanatda bildirilir.

Bəyanatda ölkədə ifadə azadlığının vəziyyətinin pisləşməsi təmayülündən, jurnalist və hüquq müdafiəçilərinin təqibi faktlarından danışılır.  
 “İnsan Hüquqları Evi bu ədalətsiz hökmü pisləyir və Azərbaycan hökumətini beynəlxalq standartlara uyğun yeni araşdırma aparmağa çağırır” – deyilən sənəddə xatırladılır ki, Azərbaycan hakimiyyətinin beynəlxalq qurumlar qarşısında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi üzrə çoxsaylı öhdəlikləri var.

Avropa Şurasının Azərbaycan üzrə keçmiş həmməruzəçisi Andreas Qross bloqqerlər Emin Milli və Adnan Hacızadənin həbsini biabırçılıq adlandırıb. “Azadlıq” radiosunun məlumatına görə,  İsveçrədə Azərbaycan Mədəniyyəti ili çərçivəsində noyabrın 16-da Basel Universitetində geniş dinləyici auditoriyası qarşısında «Neftdən zəngin, demokratiyadan yoxsul Azərbaycan» mövzusunda 2 saata yaxın məruzə ilə çıxış edən Andreas Qross Azərbaycan hakimiyyətini kəskin tənqid edib. O, Avropa Şurasında təmsil olunan 47 ölkə içərisində ən pis durumda olan ölkənin Azərbaycan olduğunu bildirib.
 

 Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. İstintaq gənclərə qarşı Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürmüş və Səbail rayon məhkəməsi noyabrın 11-də Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Previous Post

XARİCİ İŞLƏR NAZİRLİYİ NORVEÇ VƏ ALMANİYA SƏFİRLİKLƏRİNƏ XƏBƏRDARLIQ ETDİ

Next Post

“AZADLIQ” BLOKU AZƏRBAYCANDA SÖZ AZADLIĞININ VƏZİYYƏTİ İLƏ BAĞLI FORUM KEÇİRDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.