Noyabrın 18-i axşam Gəncə hərbi komissarlığına gətirilmiş Milli Məclis deputatlığına namizəd Bəxtiyar Hacıyev dünən saat 18.00 radələrində sərbəst buraxılıb.
Bundan bir qədər əvvəl Bəxtiyar Hacıyev hüquqlarının müdafiə komitəsinin Norveç İnsan Haqları Evində təşkil etdiyi keçirdiyi mətbuat konfransına hərbi komissarlıqdan telefonla qoşularaq təxminən bir sutka ərzində ac-susuz saxlanılması barədə də məlumat verib.
“Dünəndən məni Hərbi prokurorluqdan tutmuş, polis idarələrinə, hərbi hissələrədək müxtəlif yerlərə aparıblar. Bu müddət ərzində mənə yemək üçün heç bir şey təklif etməyiblər. 24 saat ərzində ac-susuz saxlanmışam. Qazax rayon regional hərbi prokurorluqda kimliyim, haralarda təhsil almam, hansı tarixlərdə ölkədən çıxmam və qayıtmam barədə izahat aldılar. Sonra yenə məni sərhədçilərə təhvil verdilər. Onlar da məni gecə bir hərbi hissədə saxlayandan sonra səhər Gəncə şəhər polis idarəsinə gətirdilər. Oradan da məni Gəncənin Nizamı rayon hərbi komissarlığına gətiriblər. İndiyədək haralarda olmuşamsa hamısında deyiblər ki, sənin ölkədən buraxılmamağınla bağlı göstəriş olduğu üçün saxlamışıq. Amma bunu deyənlərin böyük əksəriyyəti bilmir ki, göstərişi kim verib“, – deyə Bəxtiyar Hacıyev bildirib.
Bəxtiyar Hacıyev onu da əlavə edib ki, bütün bunlar onun ictimai-siyasi fəaliyyəti ilə bağlıdır və seçki dövründə də telefonla təhdidlər alırmış.