“AZƏRBAYCANDA SEÇKİ ÖNCƏSİ DEMOKRATİK AZADLIQLAR” MÖVZUSUNDA FORUM KEÇİRİLİB

Bu gün (27 iyun) Sülh və Demokratiya İnstitutunun təşəbbüsü ilə “Azərbaycanda seçkiqabağı azadlıqlar” mövzusunda Vətəndaş Forumu keçirilib.

Forumda QHT nümayəndələri, siyasi partiya liderləri, millət vəkilləri, jurnalistlər, diplomatik missiya və beynəlxalq təşkilat nümayəndələri iştirak edirdi. Tədbiri açıq elan edən Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus hakimiyyət nümayəndələrinin tədbirdə iştirak etmədiyini təəssüflə diqqətə çəkərək, onlara da  dəvətin göndərildiyini qeyd etdi.
Bundan sonra məruzəçilər ədalət mühakiməsi, sərbəst toplaşmaq azadlığı və seçki hüququ sahəsində seçkiqabağı vəziyyət barədə məlumat verdilər. Seçki Monitorinq Mərkəzinin (SMM) rəhbəri Anar Məmmədli Seçki Məcəlləsinə edilən dəyişikliklə seçki qabağı təşviqatın AzTV-də aparılmasının qadağan edilməsini mürtəce dəyişiklik kimi qiymətləndirdi. Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev isə öz çıxışında Azərbaycanda müstəqil məhkəmə sisteminin mövcud olmadığını və söz azadlığı ilə bağlı işlərdə jurnalistlərin və vətəndaşların məhkəmədə udmaq şansının olmadığını qeyd etdi.
Tədbirin ikinci yarısı söz və mətbuat azadlığı ilə bağlı məsələlərə həsr edilmişdi. Bu hissədə məruzəçilər qismində “Zerkalo” qəzetinin siyasi icmalçısı Rauf Mirqədirov və Media Hüququ İnstitutunun (MHİ) nümayəndəsi Xalid Ağaəliyev çıxış etdilər. Çıxışlar zamanı 4 jurnalistin həbsdə olması, “Diffamasiya haqqında” Qanunun qəbul edilməməsi, jurnalistlərin döyülməsi və digər təzyiqlərə məruz qalması, jurnalistlərə qarşı törədilən cinayətlərə görə heç kimin cəzalandırılmaması, məmurların jurnalistlərə qarşı xeyli sayda məhkəmə iddiaları qaldırması və bunun nəticədə onların külli miqdarda cərimələnməsi, KİV-lərin iqtisadi asılılıqda saxlanılması, informasiya əldə etmək sahəsində ciddi problemlərin qalması, İnformasiya məsələləri üzrə Müvəkkilin təyin edilməməsi və sair faktlar  oktyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində söz azadlığı sahəsində vəziyyətin ağır olmasının göstəricisi kimi qiymətləndirildi. Jurnalist fəaliyyətinə görə döyülən və ağır zədələr alan “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev və hərbi jurnalist, fəaliyyətini dayandırmış “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərov, bu ilin əvvəllərində döyülən, sonradan bıçaqlanan “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlil və bu qəzetin baş direktoru Azər Əhmədov da öz çıxışlarında söz və mətbuat azadlığı sahəsində vəziyyətin ürəkaçan olmadığını, törədilən cinayətlərə görə heç kimin cəzalandırılmadığını vurğuladılar. Cəfərov öz çıxışında jurnalistlərin döyülməsindən sonra polisin və hakimiyyət nümayəndələrinin “jurnalistlərin özü-özlərinə xəsarət yetirməsi” kimi açıqlamalarını “yeni dəb” adlandırdı. Cəfərov 2007-ci ildə özünün və iki həftə bundan əvvəl RATİ-nin sədri Emin Hüseynovun döyülməsini buna nümunə kimi göstərdi.
Belə ki, hər iki hadisədən sonra polis jurnalistlərin özü-özlərinə xəsarət yetirdiyini iddia etmişdi.

Previous Post

BAKIDA KEÇİRİLƏN HƏRBİ PARADI RƏSMİLƏRDƏN BAŞQA HEÇ KİM CANLI OLARAQ SEYR EDƏ BİLMƏDİ

Next Post

DAHA BİR JURNALİST HƏBS EDİLƏ BİLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.