Dörd onlayn fəalın həbsi ilə geniş miqyaslı repressiya davam edir

mart 9th, 2014

Bəyanat

“Azərbaycan hakimiyyəti sadəcə öz ifadə azadlıqları hüququnu həyata keçirdiklərinə görə həbs olunmuş bir çox onlayn fəallara qarşı irəli sürülmüş ittihamları ləğv etməlidir,” deyə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün bildirib. RATİ  bu təzyiqləri pisləyir, rejimi həbs olunmuş fəalları azad etməyə və vətəndaş cəmiyyətinin fundamental azadlıqlara hörmət tələb edən çağırışlarına əməl etməyə çağırır.

Cümə günü polisə müqavimət ittihamı ilə həbs olunduğunu bildirən müxalif gənc hərəkatın üzvü 22 yaşlı Türkel Əlisoy siyasi müxalifətə qarşı artan təzyiqlər fonunda həbs olunmuş gənc fəallardan sonuncusudur.  Öz son Facebook statusunda Əlisoy Bakı Dövlət Universitetində baş vermiş tələbə etiraz aksiyası ilə bağlı prezidenti və hökuməti tənqid edib.

Bu həbs, hakimiyyəti tənqid edən Facebook səhifələrinə görə tutulmuş digər üç fəalın həbsindən cəmi bir neçə həftə sonraya təsadüf edir.

Belə ki, yanvarın 24-də “Axın” gənclər hərəkatının həmtəsisçisi və Vətəndaş Həmrəyliyi Partiyasının fəal üzvü 19 yaşlı Ömər Məmmədov itkin düşüb. Bir neçə gün sonra, yanvarın 27-də onun yaxınları bildirib ki, Ömər mülki geyimlilər tərəfindən saxlanıb və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (satış məqsədi ilə külli miqdara narkotik saxlama) ittiham olunub.

Özünün “AZTV-dən Seçmələr” adlı  Facebook səhifəsində  Azərbaycan hakimiyyətini kəskin tənqid edən Məmmədov barəsində üz aylıq həbs qətimkan tədbiri seçilib. Məhkəmə tərəfindən günahkar bilinərsə, Məmmədov 3 ilə qədər müddətə azadlıqdan məhrum edilə bilər.

Kompüteri və digər İKT avadanlıqları müsadirə olunmuş Elvin Kərimov barəsində seçilmiş həbs qətimkan müddətinin yarısını artıq başa vurub. Kərimovun işdən evə qayıdarkən MTN əməkdaşları tərəfindən həbsinin səbəbi kimi də “qanunsuz narkotik saxlama” göstərilir (CM-nin 234.4.3-cü maddəsi). Barəsində rəsmi ittiham elan olunana qədər, Kərimov MTN-də təcrid olunmuş şəraitdə saxlanılıb.

Görünür Kərimovun həbsinin də real səbəbi onun admini olduğu “Azad Söz” Facebook səhifəsidir. 11000 izləyicisi olan səhifə kəskin siyasi satirası ilə populyardır.

Qeyd olunan səhifənin həmtəsisçisi, hazırda siyasi mühacirətdə olan Tural Sadıqlı qeyd edir ki, səhifəni son dəfə yanvarın 20-də yenilədikdən sonra bir daha səhifəyə daxil ola bilməyib. O, hesab edir ki, səhifə MTN-in nəzarətindədir. Sadıqlı bildirib ki, MTN əməkdaşları Kərimovun ailəsini hədələyərək həbs barədə mediaya məlumat verilməməsini tələb edib. Sadıqlı onu da əlavə edib ki, o özü də telefonla təhdid olunub, ona deyilib ki, “özünü yaxşı aparsın”.

Bundan başqa, 22 noyabr 2013-cü ildə 31 yaşlı Facebook fəalı Əbdül Əbilov da polis tərəfindən həbs olunub və CM-nin 234.4.3-cü maddəsi (satış məqsədi ilə külli miqdarda narkotik saxlama ilə ittiham olunub.  Həbsindən qısa müddət əvvəl Əbilov “Seçki Saxtakarlığı” və “Yaltaqlara Dur Deyək!” adlı satirik Facebook səhifələri yaradıb.

Şahidlər bildirir ki, Əbilovun işində həbs və saxlanma prosedurları polis tərəfindən pozulub. Əbilov özü də sərt şəraitinə görə tanınan DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlandığı zaman zorakılığa məruz qaldığını bildirib. 29 noyabr 2013-cü ildə Əbilov Azərbaycan ictimaiyyətinə müraciət edib: “Vicdanı, əqidəsi, mənliyi olan hər bir insandan kömək gözləyirəm. Mənim günahım yoxdur. Mən şərlənmişəm. İmza: Əbilov Əbdül.”

Əbilov barəsində də 3 aylıq həbs qətimkan tədbiri seçilib. Məhkəmə tərəfindən günahkar bilinsə, Əbilov üç ilə qədər müddətə azadlıqdan məhrum oluna bilər.

Siyasi fərqli düşüncəni boğmaq məqsədi daşıyan həbs və təhdid kimi ənənəvi metodlara əlavə olaraq, Azərbaycan hökumətinin son illərdə siyasi fəallar, hüquq müdafiəçiləri və jurnalistlərə nəzarəti artırmaq məqsədi ilə kompüter proqramı və texnoloji vasitələr hazırladığı da hesab olunur.

Qeyri-kommersiya araşdırma laboratoriyası olan “Citizen Lab”in araşdırmaçıları Azərbaycanda “Uzaqdan İdarəetmə Sistemi” (UİS) adlı casus proqramın istifadə olunduğu barədə sübuta malik olduqlarını bildiriblər.  “Uzaqdan İdarəetmə Sistemi” (UİS) İtaliyanın Milan şəhərində yerləşən Hakerlər Komandası (Hacking Team) tərəfindən bütün dünyada məxsusi olaraq kəşfiyyat və hüquq mühafizə qurumlarına satılan troyan virusudur. UİS sərt diskdən sənədləri oğurlamaq, “video çat”lara nəzarət etmək, elektron poçtu oxumaq, kontakt siyahısını əldə etmək və kompüterin istifadəçisinin fəaliyyətini izləmək məqsədi ilə onun xəbəri olmadan kamera və mikrofonu uzaqdan işə salmaq funksiyalarına malikdir.

“Citizen Lab”in araşdırmaçıları Azərbaycanda 2013-cü ilin iyun ayından noyabr ayına qədər -ölkənin siyasi həyatında prezident seçkisi baxımından mühüm olan bir dövrdə fəaliyyət göstərmiş UİS-in son nöqtəsini müəyyən ediblər (Azertelekom: 109.235.193.83).

Bu təzyiq dalğasının başlanğıcı 16 may 2013-cü ildə, internetdə diffamasiyaya görə cinayət məsuliyyəti müəyyən edən qanun dəyişikliyininqəbulu ilə qoyulub. Sözügedən qanun dəyişikliyi Azərbaycanın qoşulduğu  Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın (MSHBP) və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının (AİHK) kobud pozuntusudur. RATİ bu dəyişikliyi ənənəvi medianın hüquqi təzyiqlər və təhdidlər yolu ilə susdurulmuş olduğu Azərbaycanda sərbəst fikrin ifadə olunduğu yeganə azad məkanın məhdudlaşdırılmasına doöru atılmış bir addım hesab edir.

Bu təzyiqləri diqqətdən kənarda qoymaq olmaz. Beynəlxalq təşkilatlar, xüsusilə də Avropa Şurası, insan haqları pozuntularını qətiyyətlə pisləməli və Facebook-da hökuməti tənqid edən qrupları idarə etməsindən, qanunsuzluqlar barədə şahid videoları paylaşmasından, seçki saxtakarlığı barədə xəbər verməsindən və ya dövlət siyasətinə etiraz etməsindən asılı olmayaraq, fikir (söz) azadlıqlarını həyata keçirən şəxslərə öz dəstəyini nümayiş etdirməlidir.