
Bu barədə RATİ-yə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının Sədri Arif Hacılı məlumat verib: ”Bizim martın 18-də keçiriləcək referendumla bağlı alternativ fikri ictimaiyyətə çatdırmağımız üçün əlavə efir vaxtına ehtiyacımız var”.
İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsinin sədri Tahir Məmmədov ərizə ilə artıq tanış olduqlarını bildirdi: ”Referendumla bağlı geniş müzakirələrin təşkil olunacağı vaxtda Müsavat Partiyası da digər partiyalar kimi müzakirələrdə iştirak edə bilər. Ancaq Müsavat Partiyasına əlavə efir vaxtı verilərsə, digər partiyalar da bu cür əlavə vaxt istəyəcəklər. Bu isə mümkünsüzdür, həm də bu ictimai yayım prinsiplərinə ziddir”.
“Referendumun səsvermə gününə 28 gün qalmış başlayacaq və qeydiyyatdan keçmiş bütün təşkilatlar referendumla bağlı müzakirələrdə iştirak etmək hüququna malik olacaqlar”. Bu sözləri isə Mərkəzi Seçki Komissiyasının (MSK) ictimaiyyətlə əlaqələr şöbəsinin sədri Azər Sarıyev dedi. O referendumla bağlı teleradio məkanında müzakirələr üçün neçə saatın ayrılacağını bəri başdan söyləyə bilməsə də, müzakirəyə qatılacaq bütün tərəflərə eyni imkanın yaradılacağını qeyd etdi.
Qeyd edək ki, Seçki Məcəlləsinə görə, referendumla bağlı müzakirələrə ancaq İctimai Televiziyada ( İTV) pulsuz efir vaxtı ayrılacaq.
Xatırladaq ki, martın 18-nə təyin olunmuş referendumda Azərbaycan Respublikası Konstitusiyasının 29 maddəsinə əlavə və dəyişikliklər təklif edilir. Bu təkliflər sırasında eyni şəxsin fasiləsiz olaraq 2 dəfədən artıq prezident seçilməsinə qoyulmuş qadağanın ləğv edilməsi də öz əksini tapıb.