İyulun 22-də jurnalistlər üçün Bakının Bibiheybət qəsəbəsində tikilmiş çoxmərtəbəli ev jurnalistlərə paylanıb. Mərasimə prezident İlham Əliyev də qatılıb. Prezident İlham Əliyev jurnalistləri peşə bayramı münasibətilə təbrik edib və bildirib ki, jurnalistlər üçün dövlət hesabına binanın tikilməsi dünya praktikasında ilk dəfə reallaşır.
O qeyd edib ki, yeni binada mənzil alanların arasında müxtəlif mətbu orqanların jurnalistləri, müxtəlif siyasi baxışa malik insanlar var: “Bu da göstərir ki, Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyə yol verilmir”, -o vurğulayıb və əlavə edib ki, mətbuata qayğı bundan sonra da davam etdiriləcək. O istisna etməyib ki, bura gələcəkdə jurnalist şəhərciyi olacaq.
Yeni binada ümumilikdə 158 mənzil olsa da, 155 ev jurnalistlərin istifadəsinə verilib. Binada 2,3 və 4 otaqlı mənzillər olub və mənzillər püşkatma ilə paylanıb.
Daha sonra jurnalistlər üçün tikilmiş binanın yanında yeni tikiləcək olan binanın təməl mərasimi keçirilib.
Qeyd edək ki, mərasim başlamazdan əvvəl yeni mənzillərin sahibləri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.