“Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin müalicəsinə başlanılıb. Bu barədə RATİ-yə dekabrın 28-də onunla görüşən həyat yoldaşı Ayəndə Mürsəliyeva məlumat verib.
O bildirib ki, baş redaktor artıq həkim müayinəsindən keçib: “Dişlərinin müalicəsinə başlanıb. Revmatizm və ürək ağrıları ilə bağlı qan analizi verib, kardioqram çəkdirsə də, hələ ki, müalicəsinə başlanmayıb”.
Xatırladaq ki, beynəlxalq təşkilatlar tərəfindən Vicdan Məhbusu kimi tanınan Qənimət Zahid (Zahidov) 2007-ci ilin noyabr ayında həbs olunub. CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki, “Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.