QƏNİMƏT ZAHİD SEVGİLADƏ QULİYEVANIN HƏBS OLUNMASINDAN TƏƏCCÜBLƏNMƏYİB

Bu gün (28 sentyabr) Ayəndə Mürsəliyeva həyat yoldaşı, 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  Ayəndə Mürsəliyevanın özü məlumat verib. O, baş redaktorun saxlanma şəraitinin normal olduğunu, səhhətindən  şikayətlənmədiyini bildirdi.

A.Mürsəliyeva baş redaktorun onu şərləyən Sevgiladə Quliyevanın həbs olunmasından  təəccüblənmədiyini  bildirdi:
 “Qənimət Azərbaycan cəmiyyətini idarə edənlərin cinayət əməlli insanlardan məharətlə istifadə edərək, məqsədlərinə nail olduqlarını dedi ” – deyən A. Mürsəliyeva jurnalistin bu məsələnin üzə çıxmasının onun işinə yüngülləşdirici təsir edəcəyinə inanmadığını da  bildirdi.
Qeyd edək ki, Yasamal rayon məhkəməsi Qənimət Zahidin həbs olunmasında bu qadının ifadəsini əsas sübut saymışdı. Belə ki, Qənimət Zahidin cinayət işi ilə bağlı istintaq materiallarında və məhkəmədəki ifadələrində Sevgiladə Quliyeva bildirirdi ki, 2007-ci ildə “Azərbaycan” nəşriyyatının qarşısında Qənimət Zahid ona sataşıb. Bundan sonra tanışı Vüsal Həsənovla baş redaktor arasında mübahisə yaranıb və onun iddiasına görə, Qənimət Zahid Vüsal Həsənovu döyüb. Ancaq həm Qənimət Zahid, həm də onun vəkilləri də bu işin qurama olduğunu, Sevgiladə Quliyevanın həmin vaxt oğurluğa görə axtarışda olduğunu, baş redaktorun həbs olunması üçün istifadə edildiyini deyirdilər. Ancaq məhkəmə vəkillərin vəsatətinə əhəmiyyət verməmişdi.
8 gün əvvəl – sentyabrın 20-də Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşları Sevgiladə Quliyevanı həbs edib. Onun üzərindən narkotik maddə olan heroin çıxıb. Bundan başqa,  S.Quliyeva xəstəxanaların birində vətəndaşın əl çantasından qızıl və zinət əşyalarını oğurlamaqda təqsirləndirilir.
Xatırladaq ki, Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ittiham olunaraq 3 il 6 ay, CM-in 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumiyyətlə, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Previous Post

NOVRUZƏLİ MƏMMƏDOVUN AİLƏ ÜZVLƏRİ AVTOMOBİL QƏZASINA DÜŞÜBLƏR

Next Post

REGİONDA HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN İŞTİRAKI İLƏ DƏYİRMİ MASA KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.