REGİONDA HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN İŞTİRAKI İLƏ DƏYİRMİ MASA KEÇİRİLİB

Sentyabrın 26 və 27-də Qubada İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi tərəfindən Birləşmiş Millətlər Təşkilatının (BMT) müqavilə orqanlarına fərdi şikayətlərin və alternativ hesabatların verilməsi qaydalarına həsr olunmuş dəyirmi masa keçirilib.

Quba və Xaçmaz rayonlarında fəaliyyət göstərən və Bakıdan gəlmiş hüquq müdafiəçilərinin, həmçinin vəkillərin iştirakı ilə keçən dəyirmi masada BMT-nin müqavilə orqanlarına  (müxtəlif komitələrə) şikayətlərin və hesabatların verilməsi məsələləri ilə yanaşı, regionda insan hüquqları sahəsində olan problemlər də müzakirə edilmişdir.  
    İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin rəhbəri İradə Cavadova BMT-nin müqavilə orqanlarına, həmin komitələrə fərdi şikayətlərin verilməsi və eyni zamanda QHT-lər tərəfindən alternativ hesabatların göndərilməsi qaydaları, həmin komitələrdə akkreditasiya qaydaları kimi məsələlər haqqında məlumat vermişdir. O, dəyirmi masanın əsas məqsədinin BMT-nin müqavilə orqanlarına şikayətlərin və hesabatların verilməsinin təşviq edilməsi olduğunu bildirib.
İ.Cavadova ilə yanaşı Miqrantlara Hüquqi Yardım Mərkəzinin direktoru Əlövsət Əliyev də iştirakçıların suallarını cavablandırıb.
    RATİ-nin nümayəndəsi Rəsul Cəfərov bu il iyulun 20-21-də Cenevrədə keçirilmiş BMT-nin İnsan Haqları Komitəsinin 96-cı sessiyasında Azərbaycandan Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsinə daxil olan 8 hüquq müdafiə təşkilatının (Hüquq Maarifçiliyi Cəmiyyəti, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Media Hüquq İnstitutu, Dilarə Əliyeva adına Qadınların Hüquqlarını Müdafiə Cəmiyyəti, Sülh və Demokratiya İnstitutu, Humanitar Araşdırmalar Cəmiyyəti, Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi, Azad İqtisadiyyata Yardım İctimai Birliyi) hazırladığı hesabatı təqdim etdiyini bildirmiş, hesabat və sessiya barəsində məlumatlar vermiş, Quba-Xaçmaz regionunda KİV-in fəaliyyəti barədə yerli hüquq müdafiəçiləri ilə müzakirə aparmışdır.
Yerli hüquq müdafiəçilərinin verdiyi məlumata görə, Qubada (əhalisi 150 000) yalnız "Şəfəq", Xaçmazda (əhalisi 170 000-ə yaxın) isə yalnız "Xaçmaz" qəzetlərinin nəşr olunduğunu bildiriblər. Hər 2 qəzetin təsisçiləri redaksiya heyəti ilə yanaşı müvafiq icra hakimiyyətləridir. Üç regional telekanaldan –  RTV, "Xəyal", "Qütb" telekanallarının son ikisinin acınacaqlı şəraitdə fəaliyyət göstərdiyi, bu kanallarda jurnalistlərin və mütəxəssislərin çatışmadığı qeyd edilib.

Previous Post

QƏNİMƏT ZAHİD SEVGİLADƏ QULİYEVANIN HƏBS OLUNMASINDAN TƏƏCCÜBLƏNMƏYİB

Next Post

HAKİM ANS VƏ “YENİ MÜSAVAT” QƏZETİNƏ BARIŞIQ TƏKLİF EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.