QƏNİMƏT ZAHİD MİRZƏ SAKİTƏ ACLIĞI DAYANDIRMAĞI TÖVSİYƏ EDİB

Dünən (18 yanvar) Ayəndə Mürsəliyeva Penitensiar Xidmətin Müalicə Müəssisəsində həyat yoldaşı, “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidlə görüşüb.

A. Mürsəliyevanın Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Q. Zahidin revmatizm ağrılarından əziyyət çəkdiyini, lakin  ümumi vəziyyətinin normal olduğunu və saxlanma şəraitindən heç bir şikayəti olmadığını bildirib.
A.Mürsəliyeva Mirzə Sakitin aclıq aksiyası keçirməsinə səbəb olan şeiri Q.Zahidə göstərdiyini də dedi. Baş redaktor şeirlə tanış olduqdan sonra narazılığını bildirib və  qardaşı M.Sakitə aksiyanı dayandırmağı tövsiyə edən mesaj göndərib. Q.Zahid M.Sakitə öz mesajında əməkdaşlıq etdiyi qəzetin standartlarını və subyektiv yanaşmalarını qəbul etməyi və bu cür məqsədsiz aksiyaya əl atmağı ilə özünü gülünc vəziyyətə salacağını deyib.
Q.Zahidin həbsxanadan göndərdiyi məktuba M.Sakit də öz münasibətini bildirib. O, RATİ-yə bildirib ki, bu məktubu qardaşından gələn bir məktub kimi qəbul etsə də, məktubun heç bir hüquqi çəkisi yoxdur. ”Q.Zahid hal-hazırda həbsdədir və onun qəzeti idarə etmək səlahiyyəti yoxdur” – deyən M.Sakit bu gün səhərdən etibarən daxili orqanlarında ağrıların yarandığını və həkim müayinəsinə ehtiyacı olduğunu qeyd edib.
Qeyd edək ki, yanvarın 11-də təqdim etdiyi şeiri  “Azadlıq” qəzetində çap olunmadığına görə M.Sakit yanvarın 16-da aclıq aksiyasına başlayıb. “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov təhqiredici ifadələr olduğuna görə şeirin çap olunmadığını bildirib. M.Sakit isə bildirir ki, şeirdə diktatura rejimləri sərt tənqid olunsa da, orda təhqiredici ifadələr yoxdur.
 Xatırladaq ki, Qənimət Zahid ( Zahidov) CM- nin 127.2.3 ( xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma ) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilib.
“Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.

Previous Post

“MÜXALİFƏT” QƏZETİNİN BAŞ REDAKTORU VÜQAR SƏFƏRLİNİ MƏHKƏMƏYƏ VERİB

Next Post

MİRZƏ SAKİT AСLIQ AKSİYASINI DAYANDIRDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.