QƏNİMƏT ZAHİD RAUF ARİFOĞLUNA VƏ MİRZƏ SAKİTƏ MƏKTUB GÖNDƏRİB

Dünən (12 oktyabr) “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid saxlanıldığı 17 saylı cəzaçəkmə müəssisəsində həyat yoldaşı Ayəndə Mürsəliyeva ilə görüşdə  “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun ona ünvanladığı açıq məktuba cavab verib.  Baş redaktor həmçinin Mirzə Sakitin “Azadlıq” qəzetindən narazılığı ilə bağlı da fikirlərini açıqlayıb.

Belə ki,  Rauf Arifoğlu bir neçə gün qabaq “Azadlıq” qəzetinə açıq məktub yazaraq son vaxtlar “Azadlıq” qəzetində “Yeni Müsavat” qəzetinin hakimiyyətə işləməyi ilə bağlı dərc olunan yazılara  son qoyulması ilə bağlı Qənimət Zahidə müraciət etmişdi. Rauf Arifoğlu ”məktubunda bu tip yazıların AXCP sədri Əli Kərimlinin sifarişi ilə yazıldığına inanır.  “Azadlıq” qəzeti isə redaksiya adından məktuba cavab verərək, “Yeni Müsavat”la bağlı bu məqamların müəllif yazılarında, xüsusən də bir neçə gün öncə “Yeni Müsavat” qəzetindən işdən çıxarılmış Əfqan Muxtarlının yazısında yer aldığını bildirmiş və bu yazıların qəzetin mövqeyi olmadığını diqqətə çatdırmışdılar.
Q.Zahid məktubunda bildirir ki, “Azadlıq” firqə qəzeti deyil: mübarizə əzmi sındırılmış bir millətin, iradəsi zorlanmış bir toplumun azadlıq istəklərinin közərtisidir. “Hər şeydən əvvəl, mən bu cür polemikaların baş verməsini arzulamazdım. Bu mübahisələrə son qoymaq üçün bizim hər cür imkanlarımız var: ən azı, qarşılıqlı anlaşılmazlıqları yoluna qoymaq üçün çay stolunun  arxasında əyləşmək olar. Bu təcrübədən mən də, Rauf bəy də dəfələrlə yararlanmışıq” – deyən Q.Zahid vurğulayıb ki, həbsxanada olduğu üçün belə təşəbbüslə çıxış edə bilmir. “Əgər bu polemikanı yatırtmaq və üzərindən keçmək mümkündürsə, “keçmiş olsun” deyirəm” –deyə Q.Zahid sonda qeyd edib.
Baş redaktor Mirzə Sakitin “Azadlıq”dan narazılığına da münasibət bildirib. Qeyd edək ki, M.Sakit yazıları və şeirlərinin “Azadlıq” qəzetində dərc edilməsinə şərait yaradılmaması ilə bağlı mətbuata məlumat vermişdi. Q.Zahid məsələ ilə bağlı bildirib ki, Mirzə Sakitin “Azadlıq”a qarşı iddialarının əhəmiyyətli hissəsi tamamilə əsassızdır. İndi o, bu problemləri mənimlə yox, mətbuat konfransında müzakirəyə çıxarmaq istəyirsə, mən bunu düzgün seçim saymıram. Güman edirəm ki, Sakit öz iddialarını əsaslandırmaq məqsədilə  onları “Azadlıq”a qarşı ittihama çevirəcəyi gündən etibarən “Azadlıq” qəzeti onunla əməkdaşlıq münasibətlərinə tamamilə və birdəfəlik son qoyacaq. Mirzə Sakitin “Azadlıq”a qarşı ittihamlarına yer verən KİV-ə isə ərkyana bir təklifim var: onun şeirlərinə də eyni səxavətlə yer ayırın, həm də müəllifin birtərəfli qaydada müəyyənləşdirdiyi şərtlər altında”-  deyə Q.Zahid bildirib.

Previous Post

“HÜRRİYYƏT” QƏZETİNİN GƏNCƏBASAR MÜXBİRİNİN EVİNƏ BASQIN OLUB

Next Post

METRODA GEDİŞ HAQQININ ARTIRILMASINA ETİRAZ EDƏN GƏNCLƏR HƏBS OLUNDULAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.