Dünən (5 oktyabr) Ayəndə Mürsəliyeva həyat yoldaşı, 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb.
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ayəndə Mürsəliyevanın özü məlumat verib. O, baş redaktorun saxlanma şəraitinin normal olduğunu, səhhətindən şikayətlənmədiyini bildirdi. Onun sözlərinə görə, Q.Zahid millət vəkili Cəmil Həsənlinin parlamentin iclasında onun həbsi ilə əlaqədar məsələni qaldırmasını yüksək qiymətləndirərək, bütün ziyalıların bu məsələ ilə əlaqədar etirazlarını bildirməli olduğunu vurğulayıb. Baş redaktor həmçinin Eynulla Fətullayevin “Amnesty İnternational” təşkilatı tərəfindən mükafatlandırılmasına sevindiyini də vurğulayıb.
A.Mürsəliyeva onu da bildirib ki, baş redaktora bu günlərdə müəssisə daxilində keçirilən voleybol yarışında iştirak etməsinə icazə verilməyib:
“Qənimət bu qadağanı mənasız hesab etdiyini və başqa məhbuslara belə bir məhdudiyyətin qoyulmadığını deyir. Halbuki vaxtından əvvəl azad olunmaqla bağlı qaldırılan iddiada, Qənimətin voleybol yarışmasında iştirak etməməsi qaydaları pozma kimi qiymətləndirilmişdi”
Qeyd edək ki, 17 sentyabr 2009-cu il tarixində Əzizbəyov rayon Məhkəməsində cəzasının qalan hissəsinin daha yüngül cəza ilə əvəz olunması tələbinə əsasən keçirilən prosesdə məhkəmə Q. Zahidə ötən ilin iyun ayında voleybol yarışlarında iştirak etmədiyinə görə xəbərdarlıq edilməsini əsas gətirərək, baş redaktorun iddiasını təmin etməmişdi.
Xatırladaq ki, Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ittiham olunaraq 3 il 6 ay, CM-in 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilib.