BEYNƏLXALQ TƏŞKİLATIN BƏYANATINDA AZƏRBAYCANDA ZORAKILIQ HALLARININ OLMASI VURĞULANIB

   İşgəncələr Əleyhinə Dünya Təşkilatının son bəyanatında Azərbaycanda da işgəncə hallarının olması yer alıb.

“Azərbaycanda işgəncə və zorakılıq hallarından istifadə geniş yayılıb, xüsusilə həbs və dindirilmə zamanı” – deyə bəyanatda vurğulanır. “Azadlıq” radiosunun məlumatında bildirilir ki, Təşkilat “Talışi–Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədov da daxil olmaqla, həbsdəki ölüm halları ilə bağlı dərin narahatlığını bildirir.

     Qeyd edək ki,  “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında vəfat edib. N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.

     İşgəncələr Əleyhinə Dünya Təşkilatı eyni zamanda Azərbaycanda əsassız həbslərin olduğunu və buna gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin həbsinin nümunə olduğunu bildirir. Təşkilat deyir ki, gənclərin həbsi onların müstəqil və müxalifət jurnalisti kimi fəaliyyətinin qarşısını almaq arzusundan irəli gəlir. 
Təşkilat  Azərbaycan hökumətinin siyasi məhbuslarla bağlı dialoqu faktiki olaraq dayandırmasından da narahatlıq keçirdiyini bildirir.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  təxribata çəkilərək döyülmüş, zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, polis onlara xəsarət yetirənləri sərbəst buraxmışdır. Döyülən gənclər isə həbs edilib və onlara qarşı Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb. İttiham üzrə işə Səbail rayon məhkəməsində baxılır.

 

Previous Post

BAŞ REDAKTOR PREZİDENTƏ MÜRACİƏT EDİB

Next Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.