QƏNİMƏT ZAHİDOV ƏLYAZMASININ MƏHVİNƏ GÖRƏ MADDİ VƏ MƏNƏVİ ZƏRƏRİN ÖDƏNİLMƏSİNİ TƏLƏB EDİR

Bu gün (27 avqust) Səbayel rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovun (Zahid) əlyazmaları ilə bağlı qaldırdığı iddia əsasında növbəti məhkəmə prosesi keçirildi.

Prosesdə həm iddiaçı, həm də cavabdeh tərəfin nümayəndəsi iştirak edirdi.
Prosesdə ilk çıxış edən cavabdeh tərəfin nümayəndəsi Ağammət Məmmədov hər bir məhbusun qanuna uyğun olaraq yazma hüququ olduğunun bildirdi. Habelə o hesab etdi ki,  Q. Zahidovdan müsadirə edilmiş kitabın əlyazmaları  qanunsuz imiş:  ”Qənimət Zahidovun çantasından qanunsuz olaraq yazılmış 300 səhifəyə qədər yazı tapılaraq aktlaşdırılıb və sonra məhv edilib”. Habelə A. Məmmədov hesab etdi ki, iddiaçı tərəfin əlyazmalarının məhv edilməsinə görə maddi və mənəvi zərərin ödənilməsini tələb etməsi də əsasızdır.
Proses zamanı Q. Zahidovun vəkili Elçin Sadıqov cavabdeh tərəfin nümayəndəsinə baş redaktorun əlyazmaların neçə səhifəsinin ondan alınması və alınan əlyazmaların məzmunu ilə tanış olub-olmaması barədə suallar verdi. Cavabdeh tərəf 1-ci dəfə 200, 2-ci dəfə 75 səhifə alındığını, əlyazmaların məzmunda vəzifəli şəxslər və prezident  barədə həqiqətə uyğun olmayan yazıların olduğunu bildirdi.
Vəkil E. Sadıqov əlyazmaların məhvini qanuna zidd hesab edərək, hətta prezident haqqında tənqidi fikirlərin orada  olmasına baxmayaraq, onları məhv etməyə ixtiyarlarının olmadığını cavabdeh tərəfin nəzərinə çatdırdı.
Daha sonra vəkil Sadıqov iki vəsatətlə çıxış etdi. O, ilk olaraq əlyazmaların məhvi ilə əlaqədar tərtib olunmuş aktı imzalamış  şəxslərin məhkəmə prosesinə dəvət olunması ilə bağlı vəsatət qaldırdı.  Hakim Nəsibov vəsatəti təmin etdi. Daha sonra Q. Zahidovun  aktı imzalamaqdan  imtina etdiyini bildirən vəkil baş redaktorun növbəti məhkəmə prosesində iştirak etməsinin təmin edilməsi ilə bağlı vəsatət qaldırdı . Lakin hakim bu vəsatəti təmin etmədi.
Növbəti məhkəmə prosesi 11 sentyabr saat 15:00-a təyin olundu.
Previous Post

MİLLƏT VƏKİLİNİN AZTV–YƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ SABAH KEÇİRİLƏCƏK

Next Post

BU GÜN NAXÇIVANDA ÜÇ JURNALİST DÖYÜLÜB, AVADANLIQLARI İSƏ “MÜSADİRƏ” EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.