QƏNİMƏT ZAHİDİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (9 noyabr) Bakı Apellyasiya məhkəməsində hakim Rəsul Səfərovun sədrliyi ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin cəzanın çəkilməmiş hissəsinin yüngül cəza ilə əvəzlənməsinə dair qaldırdığı iddia üzrə Əzizbəyov rayon məhkəməsinin çıxardığı qərardan verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə  Q. Zahidin vəkilləri Elçin Sadıqov və Əlayif Həsənov, 17 saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi Anar Kərimov, dövlət ittihamçısı Elgün Qafarov iştirak edirdi.

Elçin Sadıqov çıxış edərək bildirdi ki, Əzizbəyov rayon məhkəməsi 17 saylı Cəzaçəkmə Müəssisəsinin formal mülahizələrini əsas gətirərək iddianı təmin etməyib. Belə ki, Cəzaçəkmə Müəssisənin yazdığı rəydə göstərilir ki, Qənimət Zahid voleybol oynamadığına, gizli yolla yazışmalar aparmağa meylli olduğuna və tədris proqramlarında iştirak etmədiyinə görə onun cəzası yüngülləşdirilə bilməz.

E. Sadıqov həmçinin qeyd etdi ki, Q. Zahidin həbsinin səbəbkarı olan Sevgiladə Quliyeva bu ilin sentyabrında oğurluq və narkotik maddə saxlamaqda ittiham olunaraq həbs edilib.

Əlayif Həsənov isə bildirdi ki, Q.Zahidin voleybol oynamaqdan imtina etməsinə səbəb onun səhhətindəki problemlə əlaqədardır.
17 saylı Cəzaçəkmə müəssisəsinin nümayəndəsi Anar Kərimov isə Q.Zahidin törətdiyi cinayəti etiraf etmədiyinə görə azadlığa buraxılmasının mümkünsüz olduğunu bildirdi.

Dövlət ittihamçısı Elgün Qafarov da Q.Zahidin hələ də  islah olunmadığını bildirərək cəzasının yüngülləşdirilməsinə etiraz etdiyini bildirdi.

Hakim iddianın təmin edilməməsi ilə bağlı qərar qəbul etdi.

Qeyd edək ki, Qənimət Zahid cəzasının üçdə bir hissəsini çəkdiyinə görə cəzasının qalan hissəsini azadlıqda çəkməsi ilə bağlı qaldırılmış iddia Əzizbəyov rayon məhkəməsi tərəfindən təmin edilməmişdi.
Sabah (10 noyabr) Q.Zahidin həbsindən 2 il ötür.

Xatırladaq ki, hazırda 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ittiham olunaraq 3 il 6 ay, CM-in 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Previous Post

“YENİ MÜSAVAT” QƏZETİNİN TƏSİSÇİLİYİ RAUF ARİFOĞLUNA HƏVALƏ EDİLDİ

Next Post

BEYNƏLXALQ TƏŞKİLATLARIN VƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN CƏNUBİ QAFQAZ ŞƏBƏKƏSİNİN BİRGƏ BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.