AD GÜNÜNDƏ ELMAR HÜSEYNOVUN MƏZARI ZİYARƏT EDİLİB

Bu gün (17 iyul) “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun 42 yaşı tamam olur. Bu münasibətlə atası Sabir Hüseynov, həmkarları, ictimai-siyasi xadimlər və diplomatik korpus nümayəndələri jurnalistin II Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Mərhum baş redaktorun qəbri üzərinə gül dəstələri düzən mərasim iştirakçıları onun üçün dualar oxuyublar.

    Daha sonra “Qanun” jurnalının baş redaktoru Şahbaz Xuduoğlu çıxış edərək bildirdi ki, Elmar Hüseynovun ad günü münasibətilə edilən bu ziyarət matəm ab-havasından çıxmalı və bura azad sözün söyləndiyi məkana çevrilməlidir.
     Müsavat partiyasının başqanı İsa Qəmbər bildirdi ki, həm sağlığında, həm də ölümü ilə azad sözə xidmət etmiş Elmar Hüseynovun qətlinin sifarişçiləri və icraçıları tapılmadıqca, məsuliyyət hazırkI hakimiyyətin üzərindədir.
     “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev Azərbaycanda azad söz sahiblərinə qarşı təqiblərin hələ davam etdiyini xatırladaraq, bir həftə öncə həbs olunmuş gənc bloqçular – Adnan Hacızadə və Emin Millini (Abdullayev) məhz bu təqiblərin qurbanı olduğunu vurğuladı.
     ABŞ  səfirliyinin nümayəndəsi Dmitri Doroxovski çıxışında vurğuladı ki, Azərbaycan hakimiyyəti Elmar Hüseynovun qatillərinin tezliklə tapılacağına söz versə də, hələ də vədinə əməl etməyib.
     Digər  çıxışçılar da Azərbaycanda söz azadlığına və azad söz sahiblərinə qarşı hakimiyyətin sərt mövqeyindən söz açdılar və Elmar Hüseynovun cəsarətli qələm sahibləri üçün nümunə olduğunu dilə gətirdilər.
     Xatırladaq ki, hakimiyyəti sərt tənqid edən yazılarla çıxış edən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də qətlə yetirilmiş və onun qətlinin sifarişçiləri və icraçıları hələ də tapılmamışdır.
Previous Post

MEDİA HÜQUQU İNSTİTUTU YENİ OFİSƏ KÖÇÜR

Next Post

MİKLOŞ HARAŞTİ GƏNC BLOQÇULARIN HƏBSİNƏ MÜNASİBƏT BİLDİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.