“Gündəm xəbər” qəzetinin təsisçisi və baş redaktoru Şirin Cəfəri ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb. Bu barədə baş redaktorun özü dünən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.
Ş.Cəfərlinin sözlərinə görə, ona dünən (26 sentyabr) Gəncə şəhər 12 saylı Vergilər İdarəsindən zəng edərək 107 min manat həcmində cərimələnməsi barədə şifahi məlumat verilib. Halbuki, baş redaktorun 68 min 244 manat cərimələnməsi barədə qərar verilmişdi.
Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərinin barəsində CM-in 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi qaldırıb. Buna səbəb kimisə qəzetin fəaliyyətinin araşdırılması ilə bağlı Mətbuat Şurasının müraciət göstərilir. Məlumata görə, qəzet şəxsi həyatın toxunulmazlığı prinsiplərinə laqeyd yanaşdığına, səhifələrində insanların şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığına, “Jurnalistlərin peşə davranışı qaydaları”nı mütəmadi pozduğuna görə Mətbuat Şurasının “Qara siyahı”sına düşüb. Baş Prokurorluğun mətbuat xidməti bildirib ki, istintaq zamanı müəyyən olunub ki, Cəfəri yalnız KİV haqqında qanunun tələblərini pozmayıb, həm də vergi qanunvericiliyinin tələblərinə əməl etməyib. Məlumata görə, vergi ödəyicisi kimi verginin hesablanması üçün zəruri olan hesabatlar tərtib olunmayıb, qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühasibat uçotu aparılmayıb, o cümlədən dərc olunmuş tirajın sayı göstərilməyib, nağd pul hesablaşmalarının aparılması qaydaları pozulub. Beləliklə, küllü miqdarda, 68.244 manat məbləğində vəsait vergidən yayındırılıb. Son olaraq isə qəti olaraq baş redaktorun 107 min manat cərimə ödəməsi tələb edilir. O isə məsələ ilə bağlı məhkəməyə müraciət edib.