PROKURORLUQDA TƏZYİQƏ MƏRUZ QALMIŞ JURNALİSTLƏRİN İZAHATI ALINIB

İyulun 15-də Şərur rayon Cəlil kənddə reportaj hazırlayarkən Şərur rayon Polis Şöbəsinin əməkdaşlarının hücumuna məruz qalan RATİ-nin Naxçıvandakı bölgə müxbiri  Elman Abbasov və “Turan” informasiya agentliyinin əməkdaşı İlqar Nəsibov iyulun 26-da Şərur rayon Prokurorluğuna çağırılaraq izahatları alınıb.

Bu barədə  bu gün (27 iyul) Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutuna (RATİ) Elman Abbasov məlumat verib.
     “Şərur Rayon Prokurorluğundan bizə  çağırış gəldi. Dünən saat 16.00-da biz prokurorluqda olaraq izahat verdik. İzahatımız bizim Naxçıvan Muxtar Respublika Prokurorluğuna 18 iyulda yazdığımız şikayət ərizəsinə əsasən alındı”- deyə E. Abbasov bildirib
Jurnalist deyib ki, İlqar Nəsibov və o, ayrı ayrılıqda  iki saat müddətində izahat veriblər və sorğu-sual ediliblər. Onlardan izahatı Şərur rayon prokuroru Kamil Şıxəliyevin özü alıb. Prokurorluqda onlara təzyiq edilməyib.
Xatırladaq ki, iyulun 13-də Şərur rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun müavini Ələddin Məmmədov bir neçə şəxslə RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyevin evinə gələrək ona təzyiq edib və onun kiçik avtomobilyuma sexinə gələn elektrik xəttini  kəsdirib. İyulun 15-də  məsələ ilə bağlı yenidən onun üzərinə hücum edilib. Evinə və sexə gedən elektrik xətləri elektrik dirəkləri ilə birlikdə çıxarılaraq müsadirə olunub. Jurnalistin şəxsi mülkiyyətinə aid olan  yardımçı tikililərini, qarajını sökülməyə, yuyucu aparatın isə müsadirə etməyə cəhd ediblər. Məsələni araşdırmaq üçün jurnalistlər Elman Abbasov və İlqar Nəsibov da hadisə yerinə gediblər. Polislər onlara çəkiliş aparmamaları üçün fiziki güc tətbiq ediblər. Jurnalistlər ciddi bədən xəsarətləri alıblar, habelə kameraları əllərindən alınaraq, çəkilişlər silindikdən sonra geri qaytarılıb.

Previous Post

VƏTƏNDAŞIN KASSASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

“UNİKAL” QƏZETİNİN BANKA QARŞI İDDİASI TƏMİN EDİLMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.