EMİN HÜSEYNOVUN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

mart 16th, 2009
Bu gün (16 mart) Nəsimi Rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynovun polis təzyiqinə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyi, (DİN) Nəsimi rayon Polis İdarəsi (RPİ) və Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə iddiaçı Emin Hüseynov və onun hüquqlarını müdafiə edən “Media Hüquqları İnstitutu”nun vəkili Elçin Sadıqov, cavabdeh tərəfdən isə DİN-nin mühüm tapşırıqlar üzrə baş inspektoru Fərhad Əzimovla yanaşı Nəsimi RPİ və Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinin vəkili Məzahir Şahbarov iştirak edirdilər.
RATİ əməkdaşları prosesdə foto və video çəkilişin aparılması üçün hakimə müraciət təqdim etdi. Vəkil E. Sadıqov da öz növbəsində hakimdən bu müraciəti vəsatət kimi qəbul etməyi xahiş etdi. Lakin cavabdeh tərəfin nümayəndələri məhkəmə prosesi zamanı çəkilişin aparılmasını məhkəməyə təsir vasitəsi kimi qiymətləndirərək, hakimdən  çəkilişə icazə verməməyi xahiş etdilər. Hakim İ. Şirinov yerində müşavirə keçirərək vəsatəti qismən təmin edərək foto çəkilişin aparılmasına proses boyu, video çəkilişin isə 5 dəqiqə müddətinə aparılmasına icazə verdi.
 Prosesdə ilk olaraq çıxış edən iddiaçı E. Hüseynov, məhkəməyə hadisə barədə məlumat verərək bildirdi ki, 14 iyunun 2008-ci il tarixində "Alaturka" restoranında kubalı inqilabçı Çe Gevaranın 80 illik yubileyi ilə əlaqədar keçirilən tədbir dağıdılarkən, 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalıb: "Mənə həm restoranda, həm də sonradan aparıldığım 22-ci Polis Bölməsində fiziki təzyiq göstərilib, nəticədə huşumu itirmişəm və 20 gündən artıq xəstəxana şəraitində müalicə almışam”. Cavabdeh tərəfin nümayəndəsi M. Şahbarov iddiaçıya hadisə ilə bağlı dəqiqləşdirici suallar verdi, iddiaçı tərəf də sualları cavablandırdı.
İş vaxtı bitdiyindən prosesdə ifadə verməli olan şahidlər dindirilmədi. Hakim
İ. Şirinovu şahidləri gələn prosesdə dindirəcəyini bildirdi və növbəti prosesi mart ayının 30-u, saat 15:30-a təyin etdi.