DAXİLİ İŞLƏR NAZİRİNİN BAŞ REDAKTORA QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Dünən (21 yanvar) Yasamal rayon məhkəməsində hakim Xaqani Tağıyevin sədrliyi ilə Daxili İşlər naziri Ramil Usubovun “Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ə. Kərimov məlumat verib.

Onun sözlərinə görə, hakim X. Tağıyev yazıları ilə bağlı keçirilən ekspertiza rəyini elan edib. Ekspertin rəyində yazılarda səslənən fikirlər nazirliyin nüfuzuna xələl gətirən fikirlər kimi qeyd olunub.
Ə.Kərimov təkrar ekspertiza keçirilməsi və ekspertin məhkəməyə dəvət olunması barədə qaldırdığı vəsatətlərin təmin edilmədiyini bildirdi.
İddia tərəfin nümayəndələri Dabuleyka Quliyev və Əlirza Həbilov çıxışlarında Əyyub  Kərimovun CM-nin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılmasını məhkəmədən xahiş edib.
Əyyub Kərimov çıxış üçün məhkəmədən vaxt istəyib. Hakim X. Tağıyev məhkəmə prosesini 25 yanvar saat 16:30-a   təyin edib.
Qeyd edək ki,  7 dekabr 2009-cu il tarixində keçirilən  prosesdə Əyyub Kərimovun  qaldırdığı vəsatət qismən təmin edilərək iddiaya səbəb olmuş Femida 007” qəzetində  “Məktubazlıq”, “MTN və Baş Prokurorluq çox gözəl bilir ki, sifarişçi kimdir” başlıqlı, “Azadlıq”  qəzetində isə “DİN oyunun içində və oyundankənar vəziyyətdə” sərlövhəli yazılarda böhtan xarakterli məlumatların olub olmamasını müəyyənləşdirmək üçün ekspertiza təyin olunması ilə bağlı qərardad qəbul etdi. Belə ki, hakim vəsatətdə göstərilmiş “əgər yazılanlar faktlara söykənirsə, onu böhtan hesab etmək olarmı?” sualını vəsatətdən çıxararaq qismən təmin edib.
Xatırladaq ki, Daxili İşlər Naziri Ramil Usubov “Femida 007” qəzetində  “Məktubazlıq”, “MTN və Baş Prokurorluq çox gözəl bilir ki, sifarişçi kimdir” başlıqlı, “Azadlıq”  qəzetində isə “DİN oyunun içində və oyundankənar vəziyyətdə” sərlövhəli yazıların böhtan xarakterli olduğunu əsas gətirərək Əyyub Kərimova qarşı Cinayət məcəlləsinin 147.2-ci maddəsilə iddia qaldırıb.

Previous Post

GƏNC BLOQÇULARIN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ PROSES TƏXİRƏ SALINIB

Next Post

HİLLARİ KLİNTONUN İNTERNET AZADLIĞI İLƏ BAĞLI ÇIXIŞI MÜZAKİRƏ OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.