NAZİRİN BAŞ REDAKTORA QARŞI İDDİASINA ƏSASƏN PROSES KEÇİRİLİB

noyabr 26th, 2009
Bu gün (26 noyabr) Yasamal rayon Məhkəməsində hakim Xaqani Tağıyevin sədrliyi ilə Daxili İşlər naziri Ramil Usubovun “Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçının vəkili Əlirza Həbilov, nazirlikdən nümayəndə qismində Dabuleyka Quliyev və cavabdeh Əyyub Kərimov iştirak edirdi.

 Prosesdə  R.Usubovun vəkili Əlirza Əbilovun çıxışı dinlənilib. O deyib ki, Əyyub Kərimov polisin şərəf və ləyaqətini alçaldan fikirlər yazıb və Daxili İşlər naziri Ramil Usubovu Cinayət Məcəlləsinin 180 (soyğunçuluq), 181 (quldurluq), 217 (banditizm), və 218-ci (cinayətkar birlik yaratma) maddələri ilə ittiham etməklə ona böhtan atıb.

Ə. Kərimov çıxışa hazırlıq  üçün məhkəmədən vaxt istədi.

 Hakim X. Tağıyev prosesi 7 dekabr saat 16:00-a təyin etdi.
 
Xatırladaq ki, Daxili İşlər Naziri Ramil Usubov “Femida 007” qəzetində  “Məktubazlıq”, “MTN və Baş Prokurorluq çox gözəl bilir ki, sifarişçi kimdir” başlıqlı, “Azadlıq”  qəzetində isə “DİN oyunun içində və oyundankənar vəziyyətdə” sərlövhəli yazıların böhtan xarakterli olduğunu əsas gətirərək Əyyub Kərimova qarşı Cinayət məcəlləsinin 147.2-ci maddəsilə iddia qaldırıb.