HÜQUQ MÜDAFİƏÇİSİNİN BAŞ REDAKTORA QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ BAXIŞI YEKUNLAŞIB

Bu gün (17 avqust) Nərimanov rayon Məhkəməsində hakim Arif İsmayılovun sədrliyi ilə hüquq müdafiəçisi, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudovun “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoğluna qarşı mülki qaydada iddiasına əsasən məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçı tərəfdən Elçin Behbudov və nümayəndəsi Səməd Əliyev, cavabdeh tərəfdən isə Fərəməz Novruzoğlu iştirak edirdi.
İddiaçının vəkili Səməd Əliyev Qobustan Qapalı Həbsxanasının məhbusu Eldar Cabbarovun yazılı müraciətini məhkəməyə təqdim etdi. Müraciətdə Elçin Behbudobun ondan rüşvət almaması bildirilirdi. Cavabdeh Fərəməz Novruzoğlu bildirdi ki, müraciət sübut sayıla bilməz.
Daha sonra hakim məhkəmə baxışının bitdiyini deyərək, yekun çıxış üçün tərəflərə söz verdi. İddiaçının nümayəndəsi S.Əliyev iddiaya səbəb olmuş məqalələrdə E.Behbudova böhtan atıldığını və təhqir olunaraq işgüzar nüfuzuna zərbə vurulduğunu deyərək, iddianın təmin olunmasını istədi.
F.Novruzoğlu isə bildirdi ki, sözügedən yazılarda heç bir təhqir və böhtana yol verilməyib və yalnız bir məqaləyə görə təkzib verməyə hazırdır. “Elçin Behbudov 1 saylı cəzaçəkmə müəssisəsində fiziki təzyiqə məruz qalmadığını məhkəmədə bəyan etdiyinə görə, bu məqama təkzib verəcəyəm” – deyə F.Novruzoğlu qeyd etdi.
Hakim qərardadın elan olunması üçün son prosesi 19 avqust saat 10.15-ə təyin etdi.
Xatırladaq ki, hüquq müdafiəçisi Elçin Behbudov həbsxanalarda baş verən cinayət halları və bu halların hüquq müdafiəçiləri tərəfindən gizlədilməsi faktları barədə “Millətim” qəzetinin baş redaktoru F. Novruzoğlunun müəllifi olduğu yazılara görə məhkəməyə müraciət edib və baş redaktorun təkzib verməsini, həmçinin 100.000 (yüz min) manat təzminat ödəməsini istəyir.

Previous Post

“AZERSAT” PEYKİNİN YARADILMASI İLƏ BAĞLI TENDERDƏ AMERİKA ŞİRKƏTİ QALİB GƏLİB

Next Post

FUTBOL KLUBU PREZİDENTİNİN FANAT.AZ SAYTINA QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.