“NOTA” QƏZETİNƏ QARŞI MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Bu gün (10 iyul ) Nizami rayon Məhkəməsində hakim Ziya Əliyevin sədrliyi ilə “Azadlıq Hərəkatçıları Birliyi”nin (AHB) sədri Təhmasib Novruzovun “Nota”  qəzetinin baş redaktoru Sərdar Əlibəyliyə (Əliyev) qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 148-ci (təhqir), qəzetin əməkdaşları Ramiz Tağıyev və Fərəməz  Novruzoğluna (Allahverdiyev) qarşı isə 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələrinə əsasən xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə tərəflərin çıxışları dinlənilib. İddiaçı Təhmasib Novruzov və vəkili Əzizağa Həbilov çıxış edərək, iddianı müdafiə etdiklərini bildirdilər və cavabdehlərin cəzalandırılmasının məhkəmədən xahiş etdilər.
Cavabdehlər – Sərdar Əlibəyli, Fərəməz  Novruzoğlu və Ramiz Tağıyev isə iddianın əsassız olduğunu deyərək, rədd olunmasını istədilər.
Cavabdehlərdən biri – Fərəməz Novruzoğlunun  hakimə etiraz edərək, işin başqa hakimin icraatına verilməsi ilə bağlı qaldırdığı vəsatəti hakim qəbul etmədi və növbəti prosesi 17 iyul 14:00-a təyin etdi.      
 
Qeyd edək ki, bu ilin mart ayında T.Novruzov haqqında yazılmış məqalələrlə bağlı Sərdar Əlibəyli, Ramiz Tağıyev və Fərəməz  Novruzoğlu barəsində iddia qaldırmış və 31 mart tarixində Xətai rayon Məhkəməsində hakim Toğrul Əliyev  yazılmış məqalələrin yanlış olması ilə bağlı “Nota” qəzetinin  təkzib verməsi, üzr istəməsi barədə qətnamə qəbul etmişdi. Qətnaməyə əsasən təkzib verməli olan “Nota” qəzetinin 05-11 Aprel 2009 -cu il tarixli sayında dərc olunan “Şərəfi tapdanmış, ləyaqəti alçalmış Təhmasib Novruzovdan üzrxahlıq  yazısı” başlıqlı məqaləyə görə T.Novruzov yenidən xüsusi ittiham qaydasında iddia qaldırmış və cavabdehlərin CM-nin 147.2 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında cəzalandırılmasını tələb edir.
Previous Post

ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Next Post

PƏRVİZ ƏZİMOV UNİVERSİTETƏ BƏRPA İLƏ BAĞLI YENİDƏN MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.