GƏNC BLOQÇULARIN CİNAYƏT İŞİ İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (07 oktyabr) Səbail Rayon Məhkəməsinin hakimi Araz Hüseynovun sədrliyi ilə gənc bloqçular – Adnan Hacızadəyə və Emin Abdullayevə (Milli) qarşı Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət işinə əsasən proses keçirilib.

Prosesdə bloqçuların vəkilləri İsaxan Aşurov və Elton Quliyev həm Emin Milli, həm də Adnan Hacızadənin məhkəmə istintaqından yayınma, istintaqa mane olma və s hallarının olmadığını diqqətə çatdıraraq, gənclər barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldırdılar. Hakim müşavirədən qayıtdıqdan sonra vəsatətin təmin edilməməsi ilə bağlı qərarı elan etdi.
Daha sonra tibbi ekspert qismində məhkəməyə dəvət edilmiş Məcid Məmmədov  ifadə verdi. Təqsirləndirilən şəxslərin vəkillərinin bir çox suallarından imtina edən ekspert bildirdi ki, işi aparan müstəntiq ona 6-7 nəfərin 2 nəfəri döyməsi ilə bağlı qərarı təqdim edib və o qərara əsasən də ekspertiza keçirib. Vəkillər ekspertin bu fikrini ekspertiza rəyinin saxtalaşdırılması kimi qiymətləndirdilər.
Daha sonra müdafiə tərəfinin vəkillərinin təqdim etdiyi bir neçə şahid dindirilməli olsa da, hakim onlardan yalnız birinin – Rəşadət Axundovun dindirilməsini təmin etdi. Şahid R.Axundov A.Hacızadə və E.Millinin hadisə baş verən gün restorandan çıxıb 39-cu polis bölməsinə getmələrini və onlara dostları tərəfindən ilkin yardım edildiyini təsdiqlədi. O bildirdi ki, Adnan Hacızadə 39-cu polis bölməsinin həyətində ona bildirib ki, restoranda Emin Millinin ayaqqabısı və eynəyi, özünün isə əl çantası qalıb. Adnan ondan həmin əşyaları götürməyi xahiş edib. Bu məqsədlə restorana gedən R.Axundova restoranın inzibatçısı Rizvan Əlizadə bildirib ki, gənclərin yemək hesabı ilə yanaşı sınmış qab-qacağa görə də 11 manat borcları var. R.Axundov isə bildirib ki, sınmış əşyaları dava salan digər iki nəfər qırıb. Bununla razılaşan R.Əlizadə onlardan yalnız yeməyin  hesabını alıb və bildirib ki, həmin 11 manatı dava salan şəxslərdən alacaqlar.
Hakim növbəti prosesi 9 oktyabr saat 15.00-a təyin etdi.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilib.
Previous Post

RATİ-NİN ƏMƏKDAŞLARI “MÜHARİBƏDƏN REPORTAJ” MÖVZUSUNDA KEÇİRİLƏN MÜSABİQƏDƏ 2-Cİ YERİ TUTDULAR

Next Post

FANAT.AZ SAYTININ LAYİHƏ RƏHBƏRİNƏ VƏ KÖŞƏ YAZARINA HÖKM OXUNDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.