EYNULLA FƏTULLAYEVİN BAKI ŞƏHƏR PROKURORLUĞUNA QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

  Bu gün (02 noyabr)  Səbail rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə məhbus jurnalist Eynulla Fətullayevin Bakı Şəhər Prokurorluğuna qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə vəkil İsaxan Aşurov Eynulla Fətullayevin dəmir barmaqlıqlar arxasından çıxardılaraq yanında əyləşməsi barədə vəsatətini hakimə xatırladıb və  hakim də vəsatəti təmin edib.

Prosesdə Eynulla Fətullayev iddianın  şərəf və ləyaqətin müdafiəsi hissəsindən imtina etdiyini bildirib və  hakim də iddianın o hissədə xitam verilməsi barədə qərardad çıxardıb .

Daha sonra məhkəmə çıxışları  hissəsi başlayıb. İlk olaraq vəkil İsaxan Aşurov çıxış edib.

“Bakı Şəhər Prokurorluğu Eynulla Fətullayevlə münasibətdə  Avropa Konvensiyasında və Azərbaycan Konstitusiyasında  nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası hüququnu pozub. Buna görə də iddianın təmin edilməsini xahiş edirəm”, – deyə vəkil İsaxan Aşurov öz çıxışında qeyd edib.

“Cinayət işinə prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokuroru iş barədə ictimaiyyətə açıqlama vermədiyi bir halda hansı əsasla Bakı Şəhər Prokurorluğu istintaq məlumatlarını istintaq başa çatmadan açıqlayır. Mən bu işin sonuna gedəcəyəm. Bu iş və mənə qarşı irəli sürülmüş ittihamla bağlı Avropa məhkəməsinə şikayət verəcəyəm. Mən yalnız iddiamın təmin edilməsini və Bakı Şəhər Prokurorluğunun öz səhvini etiraf etməsini istəyirəm”, – deyə Eynulla Fətullayev öz çıxışında bildirib.

Bakı Şəhər Prokurorluğunun İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı Ramiz Rzayev isə çıxışında prokurorluğun baş redaktor barəsində xəbərləri hazırlayaraq yaydığını təsdiq etsə də, məlumatda jurnalistin təqsirsizlik prezumpsiyasının pozulmadığını bildirib və  iddianı təmin edilməməyini hakimdən xahiş edib.

Hakim müşavirəyə gedib. O  geri dönəndən sonra işin mürəkkəb olduğunu  və  iş vaxtının bitməsini əsas gətirərək qətnaməni 4 noyabr saat 11:30-da  elan edəcəyini bildirib.

            Qeyd edək ki, Bakı Şəhər Prokurorluğu 2010-cu il fevral ayının 2-də məlumat yayaraq Eynulla Fətullayevin narkotik istifadəçisi olduğunu bəyan edib. Jurnalist məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan şəxs barəsində onun təqsirliliyinə dəlalət edən məlumatları yaydığına və bu barədə cəmiyyətdə əvvəlcədən rəy yaratdığına görə Bakı Şəhər Prokurorluğunun rəsmən üzr istəməsini, təqsirsizlik prezumpsiyası hüququnun pozulmasının törətdiyi hüquqi nəticələrə görə Bakı Şəhər Prokurorluğundan 1 manat alınaraq Qaradağ Rayon Məhkəməsinin hakimi İsmayıl Xəlilova ödənilməsi barədə qətnamə qəbul edilməsi barədə iddia qaldırıb.

 Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

Avropa İnsan Hüquqları Məhkəməsi isə bu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.

Onu da qeyd edək ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Məhkəmə qərarından verilən şikayətə Apellyasiya Məhkəməsində baxılır.

 

Previous Post

“GÜZGÜ” QƏZETİNİN ƏMƏKDAŞINA BİL İL MÜDDƏTİNƏ İSLAH İŞLƏRİ CƏZASI VERİLDİ

Next Post

HƏMKARLARI ÖLÜMÜNÜN 7-Cİ GÜNÜNDƏ ŞAHİN AĞABƏYLİNİN MƏZARINI ZİYARƏT EDİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.