CƏLAL ƏLİYEVİN “YENİ MÜSAVAT” QƏZETİNƏ QARŞI İDDİASI QİSMƏN TƏMİN EDİLDİ

Bu gün (15  iyul) Nizami rayon Məhkəməsində hakim Cahangir Yusifovun sədrliyi ilə akademik Cəlal Əliyevin  “Yeni Müsavat” qəzetinə, qəzetin baş redaktor müavini Azər Ayxana və məqalə müəllifi Qoşqar Bakılıya  qarşı  mülki qaydada iddiasına əsasən məhkəmə prosesi keçirilib.

Prosesdə iddiaçı C. Əliyevin vəkili Məzahir Sadıqov, cavabdehlər “Yeni Müsavat” qəzetinin və Azər Ayxanın nümayəndəsi  Vaqif Hüseyn iştirak edirdilər.

 

Cavabdeh tərəfin nümayəndəsi Vaqif Hüseyn “Yeni Müsavat” qəzetinin 13 iyul 2010-cu il tarixli sayında məqalə ilə bağlı təkzib verildiyini bildirdi.

Hakim C.Yusifov iddianı qismən təmin edərək, iddiaya səbəb olmuş məqalə barədə qəzetin növbəti sayında təkzib verilməsi və iddiada yer alan 50 000 (min) manat mənəvi təzminatın 1500 manat olaraq tutulması barədə qətnaməni elan etdi.

 

Vaqif Hüseyn Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, qətnamədən apellyasiya şikayəti verəcəklər.   

Xatırladaq ki, iddiaya “Yeni Müsavat” qəzetinin bu il yanvarın 05-də işıq üzü görən sayında “Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı, “Bakı” mehmanxanası Cəlal Əliyevin imiş” başlıqlı məqalə səbəb olub.

 

Əlavə edək ki, millət vəkili Cəlal Əliyev mərhum prezident Heydər Əliyevin qardaşı, indiki dövlət başçısı İlham Əliyevin əmisidir.

Qeyd edək ki, Azərbaycanın ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

 

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİNƏ QARŞI İDDİA ÜZRƏ PROSES KEÇİRİLİB

Next Post

DEVİD KRAMER AZƏRBAYCANDA İNSAN HAQLARI SAHƏSİNDƏ VƏZİYYƏTİN GETDİKCƏ PİSLƏŞDİYİNİ DEYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.