“MİLLƏTİM” QƏZETİNİN BAŞ REDAKTORUNA QARŞI İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (17 avqust) Nərimanov rayon Məhkəməsində hakim Arif İsmayılovun sədrliyi ilə hüquq müdafiəçisi Çingiz Qənizadənin  “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoğluna (Allahverdiyev) qarşı  xüsusi ittiham qaydasında iddiasına əsasən məhkəmə prosesi keçirildi. Prosesdə xüsusi ittihamçının nümayəndəsi Raqif Mustafayev, cavabdeh tərəfdən isə Fərəməz Novruzoğlu və vəkili İmran Kərimov iştirak edirdi.

Cavabdeh F. Novruzoğlu 14 saylı cəzaçəkmə müəssisəsində baş verən işgəncə halları ilə bağlı ifadə vermək üçün əvvəllər həmin müəssisədə cəza çəkmiş Mirzə Sakit (Zahidov) və Rustavelli Quliyevi şahid qismində məhkəməyə dəvət olunması üçün şifahi vəsatət qaldırdı. Hakim A. İsmayılov vəsatəti təmin edilməsinə qərar verdi.
Prosesdə F.Novruzoğlunun izahatında bildirdi ki, həbsxanalarda olan qanunsuz hallar və cinayət faktları ilə bağlı hüquq müdafiəçisi Çingiz Qənizadəyə verilən məlumatlar, onun tərəfindən gizlədilir. Cavabdeh həmçinin vurğuladı ki, bu kimi faktların gizlədilməsi üçün 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Həsənov Çingiz Qənizadəyə 30 min dollar rüşvət verib. Daha sonra prosesdə şahid qismində ifadə verən 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Həsənov isə F.Novruzoğlunun dediklərini inkar edərək bildirdi ki, rəhbərlik etdiyi cəzaçəkmə müəssisəsində heç bir işgəncə faktının olmadığını bildirdi.
İddiaçının vəkili R.Mustafayev “Millətim” qəzetinin 13 may 2009-cu il tarixinin 7-ci sayında gedən və iddiaya səbəb olan yazılarda işlənən ifadələrdə təhqir elementlərinin olub-olmamasının aydınlaşdırmaq üçün, məqalənin ekspertizaya göndərilməsi ilə bağlı vəsatət qaldırdı. Hakim A. İsmayılov vəsatəti təmin edərək, prosesi 20 avqust saat 09:30-a təyin etdi.
Xatırladaq ki, hüquq müdafiəçisi Çingiz Qənizadə həbsxanalarda baş verən cinayət halları və bu halların hüquq müdafiəçiləri tərəfindən gizlədilməsi faktları barədə “Millətim” qəzetinin baş redaktoru F. Novruzoğlunun müəllifi olduğu yazılara görə Cinayət Məcəlləsinin 147.2 (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

Previous Post

EUROVISİON-2009 YARIŞMASINDA ERMƏNİSTAN TƏMSİLÇİSİNƏ SƏS VERƏNLƏR MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNƏ ÇA

Next Post

JURNALİSTLƏR APELLYASİYA ŞİKAYƏTİ VERİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.