JURNALİSTLƏR APELLYASİYA ŞİKAYƏTİ VERİBLƏR

“Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyli, jurnalistlər Fərəməz Novruzoğlu və Ramiz Tağıyev Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzovun xüsusi ittiham qaydasında  iddiasına əsasən Nizami rayon məhkəməsinin çıxardığı hökmdən apellyasiya şikayəti veriblər. 

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) S.Əlibəyli məlumat verib.
Qeyd edək ki,  22 iyul Milli Mətbuat Günündə – “Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyli və qəzetin yazarı Fərəməz Allahverdiyevi Cinayət Məcəlləsinin böhtan (maddə 147) və təhqirə (maddə 148) görə cinayət cəzası nəzərdə tutan maddələri ilə təqsirli bilən  Bakı şəhəri Nizami rayon Məhkəməsi (hakim Ziya Əliyev) onların hər ikisini 3 ay müddətinə azadlıqdan məhrum edib. Apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayarsa, hər iki jurnalist həbsə alınacaqlar. Həmin hökmlə qəzetin başqa bir yazarı Ramiz Tağıyevi isə 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.  
S.Əlibəyli RATİ-yə onu da bildirib ki, Daxili Qoşunların komandanlığının xüsusi ittiham qaydasında iddialarına əsasən Nizami rayon məhkəməsinin barəsində çıxardığı hökmdən də apellyasiya şikayəti verib.
Xatırladaq ki, Daxili Qoşunlar komandanı general-leytenant Zakir Həsənov, Daxili Qoşunlar komandanının müavini, general-mayor Fəxrəddin Səmədov, Daxili Qoşunların kadrlar idarəsini rəisi polkovnik Nəsir Hüseynov və Daxili Qoşunların maliyyə Xidmətinin rəisi Namiq Poladovun “Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyliyə qarşı CM-nin 147.2 maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə iddia qaldırmış və məhkəmə cavabdehə 7 ay icbari iş verilməsi və aylıq gəlirinin 4 faizinin dövlətin nəfinə tutulması barədə hökm oxuyub.

Previous Post

“MİLLƏTİM” QƏZETİNİN BAŞ REDAKTORUNA QARŞI İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

NOVRUZ MƏMMƏDOV GƏNCLƏRİN HƏBSİNİ “XULİQANLIQ HADİSƏSİ” ADLANDIRIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.