BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİ RƏİSİNİN JURNALİST VƏ VƏKİLƏ İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Aprelin 11-də  Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə xüsusi ittihamçı Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq  Abbasovun  “Bizim Yol” qəzetinin əməkdaşı Hacı Zeynalov və vəkil Xalid Bağırov barəsində xüsusi ittiham qaydasında şikayətinə əsasən məhkəmə prosesi keçirilib.

Prosesdə xüsusi ittihamçının vəkili Radik Əhmədov və nümayəndəsi Bakı şəhər Baş Polis İdarəsinin hüquq məsləhətçisi Rövşən Ələsgərzadə, təqsirləndirilən şəxslər və onalrın vəkilləri Anar Qasımov, Muxtar Mustafayev, Cavad Cavadov və Hacı Zeynalovun vəkili Elçin Sadıqov iştirak edirdilər.

İlk olaraq, Hacı Zeynalov iddia ərizəsi ilə yaxından tanış olduğunu məhkəməyə bildirdi. Daha sonra Xalid Bağırovun vəkilləri xüsusi ittiham qaydasında şikayət verən şəxsin özünün prosesdə iştirak etməsinin vacib olduğunu bildirdilər. Vəkillər həmçinin xüsusi ittihamçının vəkilinin qanunla müəyyən edilmiş sənədi olan etibarnamənin  mövcud olmadığını və onun səlahiyyəti təsdiq edilənə qədər vəkilin məhkəmə prosesindən kənarlaşdırılmasını hakimdən xahiş etdilər və eləcə də  işin icraata qəbul edilməsindən imtina edilməsi barədə vəsatət qaldırdılar.

Hakim E. Qurbanov vəsatətin müzakirəsi ilə əlaqədar olaraq, prosesi 15 aprel saat 15:30-a təyin etdi.

Xatırladaq ki, Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov  “Bizim Yol” qəzetinin 01 mart 2011-ci il tarixli 38 (1614)-ci nömrəsinin 5-ci səhifəsində müəllif Hacı Zeynalovun imzası ilə “Tutulanlara vəkil yox, zopa lazımdır” başlıqlı, eləcə də “Vəkil Xalid Bağırov bu şüarla aksiyalar keçirilməsini təklif edir” sərlövhəli yazısında bir müddət əvvəl Nizami rayonu Polis İdarəsinin 25-ci polis bölməsində şübhəli şəxs qismində saxlanılan Elvin Əsgərovun döyülərək öldürülməsi barədə sərt ittihamlar irəli sürülməsini əsas gətirərək, yazılanları böhtan xarakterli ifadələr adlandırmış və “Bizim Yol” qəzetinin əməkdaşı Hacı Zeynalov və vəkil Xalid Bağırov barəsində CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

      * 147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—

iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

Previous Post

SEÇKİ MÜŞAHİDƏSİ ZAMANI TƏZYİQLƏ ÜZLƏŞƏN JURNALİSTİN İDDİASI TƏMİN EDİLİB

Next Post

MƏHBUS JURNALİST EYNULLA FƏTULLAYEVİN AİLƏSİ ÖLÜMLƏ HƏDƏLƏNİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.