NOVRUZƏLİ MƏMMƏDOVUN AİLƏ ÜZVLƏRİNİN QALDIRDIĞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

noyabr 16th, 2009
Bu gün  (16 noyabr) Nəsimi rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Məryəm Məmmədova və Emil Məmmədovun “Tolışi-sədo “ qəzetinin baş redaktoru Novruzəli  Məmmədovun ölümü ilə bağlı Maliyyə  Nazirliyi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Tibb Baş  İdarəsi, 15 saylı cəzaçəkmə müəssisəsi və Penitensiar Xidmətin Müalicə Müəssisəsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilməli idi.

Lakin hakim İkram Şirinovun  naməlum səbəbdən prosesdə iştirak etmədiyinə görə məhkəmə prosesi 19 noyabr saat 11:00-a kimi təxirə salındı.

     Qeyd edək ki, Məryəm Məmmədova və Emil Məmmədov Nizami rayon məhkəməsinin 06 fevral 2009-cu il tarixli, 6(007)-7/09 saylı qərarı ilə cavabdehlərin üzərinə qoyulmuş, mərhum Novruzəli Xanməmməd oğlu Məmmədovun müayinə və müalicə olunması vəzifələrinin icra olunmamağını (hərəkətsizliyi) yaşamaq hüququnun pozuntusu kimi  qanunsuz hesab edilməsini, həmçinin cavabdehlərin hərəkətsizliyi nəticəsində onlara dəymiş mənəvi ziyana görə 3.000.000 manat məbləğində təzminat ödənilməsini istəyirlər.

     Xatırladaq ki, “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş  redaktoru Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında vəfat edib. N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.