
Fevralın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə “Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə qapalı məhkəmə prosesi keçirilib. Bu barədə bu gün (7 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) H. Məmmədovun vəkili Ramiz Məmmədov məlumat verib.
Vəkilin sözlərinə görə, H. Məmmədov məhkəmənin qapalı keçirilməsinə etiraz olaraq, prosesə qulaqlarında pambıq, ağzında qoruyucu tənziflə gəlib və üzünü divara çevirərək, məhkəmə heyətinin suallarına sükutla cavab verib. R.Məmmədovun sözlərinə görə, müdafiə tərəfi olaraq vəziyyəti aydınlaşdırmaq və Hilal Məmmədovla birgə mövqe müəyyən etmək məqsədilə məsləhətləşmək üçün şərait yaradılması haqqında vəsatət qaldırıb. Vəsatət təmin olunub və növbəti proses 13 fevral saat 10:30-a təyin edilib.
Xatırladaq ki, məhkəmə Hilal Məmmədova qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrinə aid olan hissəsi qapalı, 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddəsinə aid olan hissəsinin isə açıq keçirilməsi barədə qərar qəbul edib. Buna etiraz olaraq Hilal Məmmədov vəkillərin məhkəmə prosesində iştirak etməsini qadağan edib.