Bəyanat: Prezident Seçkilləri Ərəfəsində Mediaya və Fəallara qarşı Təzyiqlər Davam Edir

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublunun barəsində 2 ay müddətinə həbs-qətimkan tədbirin seçilməsini qətiyyətlə pisləyir və ona qarşı irəli sürülmüş saxta ittihamların ləğv olunmasına çağırır. RATİ həmçinin bu ilin oktyabrında baş tutacaq pezident seçkiləri ərəfəsində fəallara qarşı tətbiq olunan repressiyadan və paralel olaraq ifadə azadlığının məhdudlaşdırılmasından ciddi narahatlıq hissi keçirir.Belə ki, fevralın 4-də ikinci dəfə Baş prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılan Tofiq Yaqubluya  yanvarın 24-də İsmayıllıda sakinlər arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar etmək ittihamı irəli sürülüb. Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunan T.Yaqublu barədə Nəsimi rayon məhkəməsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

İttiham tərəfi Tofiq Yaqublunun indiki iqtidara müxalif olan Müsavat Partiyasının sədr müavini qismində İsmayıllıya getdiyini bildirir və orada iğtişaşların təşkil etməkdə şübhəli bilir.

T.Yaqublu aparıcı müxalifət partiyasının sədr müavini olsa da, onun özü, dəfələrlə mətbuata açıqlamasında İsmayıllıya “Yeni Müsavat” qəzetinin müxbiri kimi getdiyini və orada heç bir qanunsuz işlə məşğul olmadığını bildirib.

“Yeni Müsavat” qəzetinin təsisçisi Rauf Arifoğlu da, Tofiq Yaqublunun redaksiya tərəfindən İsmayıllıya köşə yazarı kimi yazi hazırlamaq üçün ezam olunduğunu bildirib.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı  bildirib ki, Tofiq Yaqublu İsmayıllıda partiya funksioneri qismində yox, məhz  jurnalist olaraq, orada baş verənləri görüb məqaləsində əks etdirmək üçün olmuşdur.

Bu baxımdan, RATİ Yaqubluya qarşı irəli sürülən ağır ittihamları absurd hesab edir. “Tofiq Yaqublunun həbsi hakimiyyətin İsmayıllı aksiyası ilə birbaşa və ya dolayı bağlılığı olan məsələlərə həssaslığının göstəricisidir. Biz hökuməti ictimai maraq kəsb edən məsələləri dəqiq və müstəqil şəkildə işıqlandırmaqla öz vəzifə borcunu yerinə yetirmiş T.Yaqublunu dərhal azad etməyə çağırırıq”, deyə RATİ sədri Emin Hüseynov bildirib.

RATİ bəyan edir ki, T.Yaqublunun həbsinin səbəbini regionlarda son vaxtlar çoxalan etiraz aksiyalarından reportajlar hazırlayan və Azərbaycanda çevrəsi günü-gündən azalan azad mətbuatın  təmsilçilərini qorxutmaq məqsədini daşıdığını bəyan edir.

Azərbaycan hökuməti ifadə azadlığını məhdudlaşdırmaqda davam edir. Hazırda T.Yaqublunun həbsi ilə Azərbaycanda həbsdə olan jurnalistlərin sayı 9 nəfərə çatır.

RATİ Azərbaycan hakimiyyətindən Tofiq Yagublunu və  siyasi sifarişlərlə həbsə atılan digər jurnalistləri dərhal azadlığa buraxmağı tələb edir

RATİ həmçinin Azərbaycanın üzv olduğu və qarşılarında insan haqların təmin olunması öhdəliyini götürdüyü beynəlxalq təşkilatlardan, xüsusən də Avropa Şurasından bu il prezident seçkilərinin keçiriləcəyi bir zamanda Azərbaycanda insan haqlarını durumunun kəskin pisləməsinə dair qınaq bəyanatlarını səsləndirməyə,  bunlar effekt vermədiyi təqdirdə isə Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Previous Post

Həyəcan: Prokurorluq “Azadlıq” qəzetinin baş redaktorunun müavininə xəbərdarlıq edib

Next Post

Hilal Məmmədov məhkəməyə etiraz olaraq prosesdə qulaqlarını və ağzını bağlayaraq üzünü divara çevirib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.