HİLAL MƏMMƏDOVUN MƏHKƏMƏSİ QİSMƏN QAPALI KEÇİRİLƏCƏK


Yanvarın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə “Tolışı sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesi media nümayəndələri, hüquq müdafiəçiləri, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri izləyib. Yerli və xarici müşahidəçilər ciddi yoxlamadan keçiblər. Hazırlıq iclasında Hilal Məmmədovun vəkili Xalid Bağırov baş redaktorun barmaqlıqlar arxasından çıxarılaraq onların yanında əyləşməsi, audio-video çəkiliş aparılması, cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi, bəzi materialların cinayət işindən çıxarılması, narkotik ittihamının ləğvi barədə vəsatətlər verib. Prokurorun vəsatətlərə cavab verməyə hazırlaşması üçün proses növbəti iş gününə qədər təxirə salınıb. Yanvarın 10-da keçirilən prosesdə isə vəkil Cavad Cavadov Hilal Məmmədovun zaminliyə götürülməsi ilə bağlı tanınmış hüquqşünaslar və QHT rəhbərlərinin müraciəti olduğunu və həmin müraciətə əsasən baş redaktorun barəsində zaminlik qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət verib. Hakim vəsatətlərin heç birini təmin etməyib.

Daha sonra dövlət ittihamçısı Tural Yusifov Hilal Məmmədovla bağlı cinayət işində dövlət sirri hesab edilən məlumatların olduğunu əsas gətirərək, həmin məlumatlar araşdırılarkən prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət verib. Hilal Məmmədov proses qapalı keçiriləcəyi təqdirdə məhkəməyə gəlməyəcəyini deyib və vəkillərdən də həmin proseslərdə iştirak etməməyi xahiş edib.
Vəkillər yeni vəsatətlər vermək istəsə də, hakim onları dinləmədən müşavirəyə gedib. İki saatlıq müşavirədən sonra verilən qərara əsasən iş baxışa təyin edilib, prosesin Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrinə aid olan hissəsi qapalı, 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddəyə aid olan hissə isə açıq keçiriləcək. Növbəti proses 23 yanvar saat 10:30-a təyin edilib.
Xatırladaq ki, qeyd edilən maddələr üzrə təqsirləndirilən Hilal Məmmədova qarşı irəli sürülmüş ittiham təsdiqlənərsə, onu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir.

Previous Post

GÜLƏR ƏHMƏDOVA: ƏVƏZ ZEYNALLINI MƏN HƏBS ETDİRMƏMİŞƏM

Next Post

“XƏYAL” TV-NİN ƏMƏKDAŞLARININ İŞİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.