“XƏYAL” TV-NİN ƏMƏKDAŞLARININ İŞİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB


Yanvarın 8, 9, 10 və 14-də Xaçmaz Rayon Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə 1 mart 2011-ci il Quba hadisələri üzrə təqsirləndirilən “Xəyal” telekanalının jurnalistlərinin məhkəməsi keçirilib.
Keçirilən proseslərdə Quba bələdiyyəsinin sədri Elxan Əliyev, “Xəyal” TV-nin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli şöbəsinin əməkdaşı Zakir Məmmədov, yanacaqdoldurma məntəqəsinin sahibi Gülağa Ağayev və onun nəvəsi Muxtar Ələkbərovun ifadələri dinlənilib.

Telekanalın icraçı direktoru Vüqar Qonaqov bildirib ki, 2011-ci il noyabrın 30-da Quba şəhər bələdiyyəsinin rəhbəri Elxan Əliyevin onun yanına gələrək rayon icra hakimiyyətində keçirilən 22 noyabr müşavirəsindən çəkiliş barədə soruşub. Qonaqov onlarda həmin çəkilişin olmadığını desə də, Elxan Əliyev özündə olan çəkilişdən rayon rəhbərinin qubalıları təhqir etdiyi hissəni kəsməsini istəyib. O bildirdi ki, R.Həbibovun qubalıları təhqir etməsi ilə bağlı Bakıya şikayət gedib və odur ki, videoyazı lazımdır. “Mən bunu müxtəlif iki diskə yazıb saxlamaq üçün Zaur Quliyevə, sonra isə E.Əliyevə verdim. Fevralın 25-də məni Quba rayon İcra Hakimiyyətinə çağıraraq, həmin videonun sosial şəbəkələrdən necə çıxarmaq olduğunu soruşdular. Həmkarlarıma zəng edərək soruşdum və məlum oldu ki, bunu etmək mümkün deyil ”, – V.Qonaqov vurğulayıb.
O həmçinin deyib ki, martın 13-də saxlanılıb, ancaq ona qarşı ittiham martın 17-də irəli sürülüb. “Orada yazılmışdı ki, guya mən bələdiyyə rəhbəri Elxan Əliyevin təklifi ilə videonu hazırlamışam və Mustafa Nurullayev adı ilə İnternetdə yerləşdirmişəm”, – deyə Qonaqov bildirib. O qeyd edib ki, ilkin istintaq zamanı ifadəsini təzyiq altında, vəkilin iştirakı olmadan verib.
Öz növbəsində “Xəyal” TV-nin redaktoru Zaur Quliyev günahsız olması barədə danışıb. O deyib ki, rayon rəhbərinin çıxışının telekanalın materiallarından çıxarılmasına, bundan əlavə onun internetdə yayımlanmasına heç bir bağlılığı yoxdur.
Prosesdə şahid qismində dindirilən müstəqil jurnalist Cəmil Məmmədli isə hadisənin təfərrüatından xəbərsiz olduğunu bildirib. O, bu işlə əlaqədar olaraq martın 13-də Baş mütəşəkkil Cinayətkarlıqla mübarizə İdarəsinə aparıldığını və orda bir neçə gün saxlanıldığını deyib.
Proses 14 yanvar tarixində də şahid ifadələri ilə davam edib və növbəti proses 15 yanvar saat 10.30-a təyin edilib.
Xatırladaq ki, Quba rayonun sabiq icra başçısı Rauf Həbibovun 2012-ci ilin yekunlarına dair müşavirədə səsləndirdiyi və sonra sosial şəbəkələrdə yayılan çıxışında “Qubalılar öz ailə uşaqlarını, vətənini 30-40 mata satırlar” ifadəsi rayon əhalisini hiddətləndirib və bu səbəbdən 2012-ci il mart ayının 1-də Quba rayonunda kütləvi etiraz aksiyası keçirilib, aksiya iştirakçıları R. Həbibovun evini yandırıblar, əhali ilə polis və daxili qoşun hissələri əsgərləri arasında qarşıdurma olub. Qarşıdurma nəticəsində icra başçısı Prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarılıb. 13 mart tarixində “Xəyal TV”-nin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev, habelə 20 nəfərə yaxın Quba sakini həbs edilib. Hazırda həbsdə olan ilk 8 nəfərin məhkəməsi Quba şəhər məhkəməsində davam edir.

Previous Post

HİLAL MƏMMƏDOVUN MƏHKƏMƏSİ QİSMƏN QAPALI KEÇİRİLƏCƏK

Next Post

JURNALİSTİN VƏKİLİ OLMADIĞINA GÖRƏ HAZIRLIQ İCLASI TƏXİRƏ SALINIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.