ÇOXSAYLI MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİ İLƏ ÜZLƏŞƏN “XURAL” QƏZETİ İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLDİ

 Fevralın 8-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Əvəz Zeynallının təşkilatçılığı ilə redaktoru olduğu “Xural” qəzetinə qarşı olan məhkəmə iddiaları,  digər təzyiq və təqiblərlə bağlı dəyirmi masa keçirildi.

Tədbirdə  Əvəz Zeynallı 2010-cu ilin onlar üçün olduqca ağır keçdiyi, son bir ayda da haqlarında bir neçə məhkəmə qərarının verildiyini dedi.

“4 il əvvəl Azərbaycan Nəşriyyatının direktoru Ağabəy Əsgərovun “Xural ” qəzetinə qarşı iddiası üzrə qəzetə kəsilən 1000 manat cəriməni ödəmədiyimiz üçün yanvarın 18-də  Nərimanov rayon Məhkəməsində hakim Məzahir Sadıqov tərəfindən mənə qarşı inzibati tənbeh növü olan xəbərdarlıq edilib. Fevralın 3-də Nərimanov rayon Məhkəməsində  hakim Sevinc Quliyeva bütün etik normaları pozaraq mənə özümü müdafiə etmək üçün heç bir imkan vermədi və  cəmi 6 dəqiqə çəkən müşavirədən sonra  əlində hazır qətnamə gələrək, məni 3 min manat məbləğində cərimələdi. Daha sonra isə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərlinin “Xural” qəzetinə qarşı iddiası üzrə Nərimanov rayon Məhkəməsi  Xural qəzetini 500 manat cərimələdiyi halda, Bakı Apellyasiya Məhkəməsinə şikayət etdiyimiz halda Apellyasiya məhkəməsi daha ağır cəza çıxarıb və  “Xural”ı 5 min  manat həcmində  cərimələdi.   Bundan başqa qarşıda bizi daha iki məhkəmə – Etibar Hüseynovun bizə qarşı olan iddiası üzrə məhkəmə və  Ramiz Mehdiyevin iddiası üzrə Apellyasiya Məhkəməsinin çıxardığı qərardan verdiyimiz kassasiya şikayəti üzrə məhkəmə prosesləri gözləyir” – deyə Zeynallı baş verənlər barədə məlumat verdi.

Jurnalist Şahvələd Çobanoğlu bildirdi ki, Apellyasiya Məhkəməsi qəzet barədə daha ağır cəza qərarı verməklə siyasi sifariş icra etdiyini isbatlayıb.

“Azadlıq ” qəzetinin baş redaktoru Qənimət Zahid isə bildirdi ki, bu hadisələrə bağlı  bütün qəzetlər və media QHT-ləri birləşib koalisiya yaratmalı və  təzyiqlərə qarşı birgə mübarizə aparmalıdırlar.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə bildirdi ki, bu hadisə ilə bağlı ABŞ-ın Azərbaycanda olan yeni səfirinə müraciət etmək  və eyni zamanda ictimaiyyətə də baş verənlər  barədə informasiya vermək lazımdır.

            RATİ sədri Emin Hüseynov isə bildirdi ki, bu hökumətin sifarişidir. “Qəzet və media sahəsində olan təşkilatlarla  birgə müraciət hazırlamaq və  Prezident İlham Əliyevə, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərliyə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə göndərmək lazımdır. Bundan başqa kütləvi etiraz aksiyalarına başlamaq lazımdır”- deyə Hüseynov əlavə etdi.

            “Nota P.S” qəzetinin baş redaktoru Sərdar Əlibəyli bildirdi ki, bu hadisələr “Xural” qəzetinin çökdürülməsinə yönəldilib və bunun qarşısı alınmalıdır.

            Sonda Əvəz Zeynallı bildirdi ki, “500 yaxşı oxucu” kampaniyasına başlayıblar. “Bu kampaniya çərçivəsində qəzetin 500 oxucusunun hər biri  qəzetə 10 manat yardım edə bilər və beləliklə də qəzetə maddi yardım etmiş olacaq.

 

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİNİN SƏNƏDLƏRİNİN İTİRİLMƏSİ İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

EYNULLA FƏTULLAYEVİN BANK HESABINA BƏRAƏT VERİLMİŞ İTTİHAMA GÖRƏ HƏBS QOYULUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.