Hüquq müdafiəçisi Vidadi İsgəndərli Göyçayda həbs edilib

vidadi

Noyabrın 30-da Göyçayda əslən bu rayondan olan hüquq müdafiəçisi, “Demokratiyanın Müdafiəsinə Kömək” təşkilatının rəhbəri Vidadi İsgəndərli həbs olunub. Həmin gün Göyçay Rayon Məhkəməsinin qərarı ilə o,  İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi (polisə tabe olmama)  ilə təqsirli bilinib və 15 sutkalıq həbs edilib. Bu barədə bu gün (03 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) hüquq müdafiəçinin qardaşı Oqtay İsgəndərli məlumat verib.

Oqtay İsgəndərli  bildirib ki, qardaşı özü də hesab edir ki, ittiham saxtadır və onu ictimai fəaliyyətinə, həbs ediblər.

“Vidadi noyabrın 30-da günün ikinci yarısında Göyçaya gəlib və yerli sakinlər şəhər parkında onu izdihamla qarşılayıblar. Onlar öz problemlərindən danışıblar, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı,   nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu Mənsur Məmmədovun özbaşınalığından şikayətləniblər. Onlar Göyçayın və göyçaylıların səsinin eşidilməsində, problemlərinin ictimailəşdirilməsində yardımçı olmağı xahiş ediblər. V.İsgəndərli də bildirib ki, göyçaylıların səsi ona görə eşidilmir ki, icra hakimi Mənsur Məmmədov nəqliyyat naziri və o zonanın da “qeyri-rəsmi kuratoru” Ziya Məmmədovun yaxın qohumudur (xalası oğludur), ondan çəkinirlər. Hüquq müdafiəçisi tənqidi fikirlərini davam etdirib və getdikcə insanlar daha çox toplaşmağa başlayıb. Tezliklə çoxlu sayda polislər parkı mühasirəyə alaraq Vidadi İsgəndərlini rayon polis şöbəsinə aparıblar. Onu sərxoş olub polisin göstərişinə tabe olmamaqda təqsirləndiriblər. Halbuki, o şəkər xəstəsidir, 240-250 şəkəri olur. O, vəkil tələb edib və onun iştirakı ilə analiz verməsinə razı olub. Ondan analiz götürmədən “rəy” alıb məhkəməyə aparıblar. Məhkəmə qarşısına izdiham yığılsa da, qardaşından başqa heç kim məhkəməyə buraxılmayıb”,-deyə Oqtay İsgəndərli qeyd edib.

Vidadi İsgəndərli məhkəmədə də, eləcə də dünən qardaşı vasitəsilə ictimaiyyətə çatdırılmasını xahiş etdiyi məlumatda bildirib ki, onu ictimai fəaliyyətinə görə, nəqliyyat naziri, Göyçay rayon icra başçısının yaxın qohumu və hamisi, Göyçay və ona qonşu bir neçə rayonun qeyri-rəsmi kuratoru olan Ziya Məmmədovu kəskin tənqidlərinə, xüsusən də sosial şəbəkədə və Jurnalist Araşdırma Mərkəzi saytında yayılmış  sərt ittihamlarına görə tutublar.

Qeyd edək ki, həmin ittihamlar ondan ibarət idi ki: V.İsgəndərli Ziya Məmmədovun onu qarşı sui-qəsd sifarişindən xəbər tutduğunu, Ziya Məmmədovun təkcə xalqa deyil, prezident İlham Əliyevə də seçkilərdə xəyanət etdiyini, bu barədə də təkzibedilməz sübutlara sahib olduğunu, başına bir iş gəlsə, məlumatı İlham Əliyevə və ictimaiyyətə ötürəcəyi ilə xəbərdarlıq etmişdi.

Xatırladaq ki, hakimiyyəti kəskin tənqidləri ilə seçilən V.İsgəndərli əvvəllər də inzibati və cinayət məsuliyyətinə məruz qalıb: 2011-ci il aprelində 5 və 15 sutka inzibati qaydada, may ayında isə  parlament seçkilərində seçki prosesinə müdaxilə ittihamı ilə həbs edilərək sonuncu iş üzrə 3 il azadlıqdan məhrum edilib. Halbuki, deputatlığa namizəd V.İsgəndərli seçkidə saxtalaşdırma faktlarına dair videosübutlar təqdim etmişdi. V.İsgəndərli “Amnesty International” təşkilatı tərəfindən “vicdan məhbusu” kimi tanınmış, 2012-ci ilin dekabrında əfv nəticəsində vaxtından əvvəl azadlığa çıxmışdı.

Previous Post

“Azadlıq ” qəzeti növbəti dəfə aksiya keçirib

Next Post

Lənkəranda taksi sürücülərinin aksiyasında jurnalist saxlanılıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.