HÜQUQ MÜDAFİƏÇİLƏRİ HƏBSDƏ OLAN İKİ JURNALİSTLƏ GÖRÜŞÜBLƏR

Dünən (28 avqust) hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Çingiz Qənizadə 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Azadlıq” qəzetinin əməkdaşı, satirik jurnalist Sakit Zahidov ( Mirzə Sakit) və 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Realnıy Azərbaycan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüblər.

Bu barədə RATİ-yə məlumat verən Qənizadə jurnalistlərlə görüşün qeyd olunan həbsxanarda aparılmış monitorinq çərçivəsində baş tutduğunu dedi.
”Mirzə Sakitlə təkbətək görüşdük. Görüşümüzün məqsədi  mətbuatda son vaxtlar Sakit Zahidovun  həyatına təhlükənin olmasi ilə bağlı yayılan məlumatlar oldu. Sakitlə söhbət zamanı məlum oldu ki, bəzi şəxslər tərəfindən ötürülmüş dezinformasiya nəticəsində məhbuslardan biri ona qarşı aqressiv mövqedə olub. Bu aqressivlik konkret bir hərəkətlə deyil, həmin məhbusun baxışları, izləməsi ilə müşahidə olunub və belə ehtimal olub ki, həmən məhbus Sakitə xəsarət yetirə bilər. Lakin mətbuatda  səs-küy yaranandan sonra cəzaçəkmə müəssisəsinin rəhbərliyi həmən məhbusu cərimə təcridxanasına yerləşdirib. Hazırda Sakitin təhlükəsizliyi baxımından heç bir  problem yoxdur. Həmin məhbus isə bu gün və ya sabah digər cəzaçəkmə müəssisəsinə köçürüləcək. Mirzə Sakitin isə başqa cəzaçəkmə müəssisəsinə köçürülməsi yaxın günlərdə öz həllini tapacaq.
Eynulla Fətullayevə gəlincə isə o, çox şux görünürdü. Söhbət zamanı o,  Avropa Məhkəməsinə müraciət etdiyini və cavab gözlədiyini  bildirdi”, – deyə Qənizadə vurğuladı.
Səadət Bənənyarlı isə RATİ-yə hər iki jurnalistin ümumi vəziyyətinin  pis olmadığını bildirdi.
Novella Cəfəroğlu da RATİ-nin əməkdaşı ilə söhbətində hər iki jurnalistin səhhətinin yaxşı olduğunu bildirdi.
Habelə hüquq müdafiəçiləri həbsdə olan digər iki jurnalistlə (Qənimət Zahidov və Müşfiq Hüseynov)  də növbəti həftələrin birində görüşəcəklərini bildirdilər.

Previous Post

JURNALİSTLƏR ÜZƏRLƏRİNDƏN MƏHKUMLUĞUN GÖTÜRÜLMƏSİ ÜÇÜN APELLYASİYA ŞİKAYƏTİ VERİBLƏR

Next Post

JURNALİST İDDİASI İLƏ BAŞLANAN MƏHKƏMƏYƏ MALİYYƏ NAZİRİ DƏ CƏLB OLUNACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.