“İDEAL” QƏZETİNİN TƏSİSÇİSİ NAZİM QULİYEV 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ

Bu gün (20 may) Nəsimi rayon Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudovanın “İdeal” qəzetinin təsisçisi Nazim Quliyevə qarşı Cinayət Məcəlləsi 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi başa çatdı.

Hakim E.Əhmədovun çıxardığı hökmlə  “İdeal” qəzetinin təsisçisi N.Quliyev Cinayət Məcəlləsinin (CM)148-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edildi.
Qeyd edək ki, prosesinin açıq keçirilməsinə baxmayaraq, məhkəmə nəzarətçiləri otağın balaca olduğunu bəhanə edərək jurnalistləri məhkəmə zalına buraxmadılar. Yalnız hökm elan edildikdə jurnalistlər məhkəmə zalına buraxılıb.
Xatırladaq ki, T.Rüstəmxanlı və S.Mahmudova “İdeal” qəzetinin təsisçisi N.Quliyevin CM-nin 147.2, 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində həbs hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdilər. 
Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudovanın 2008-ci il noyabrında Nəsimi rayon məhkəməsində N.Quliyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırmış və hakim Elman Əhmədov N. Quliyev haqqında həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarmışdı. Lakin N.Quliyev məhkəməyə gəlmədiyinə görə barəsində axtarış elan olunmuş və 24 aprel 2009-cu ildə həbs olunmuşdu.
Yeri gəlmişkən qeyd edək ki, Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudova dünən N.Quliyevə qarşı qaldırdıqları iddianı geri götürmək barədə məhkəməyə ərizə veriblər. Amma dünən axşam tərəflər arasında yenidən mübahisənin yaranmasına görə, iddiaçılar bu gün barışıq ərizəsindən imtina ediblər.
Previous Post

ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Next Post

“FACEBOOK”-DA MƏLUMAT YAYDIĞINA GÖRƏ MÜSAVAT GƏNCLƏR TƏŞKİLATININ ŞURA ÜZVÜ TƏZYİQLƏRLƏ ÜZLƏŞİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.