İLHAM ƏLİYEV BƏZİ MƏTBUAT NÜMAYƏNDƏLƏRİNİ İTTİHAM EDİB

fevral 6th, 2008
Dünən ANS Müstəqil Yayım və Media Şirkəti və Çingiz Mustafayev adına fond tərəfindən “İlin Adamı” elan olunmuş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mükafatlandırma mərasimi keçirilib.

Mükafat – 5000 AZN və diplom prezidentə fondun adını daşıdığı Milli Qəhrəman Çingiz Mustafayevin oğlu Fuad Mustafayev tərəfindən təqdim olunub.
     Mərasim zamanı yanaşı əyləşən ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafayevlə İlham Əliyev arasındakı isti münasibətlər açıq-aydın sezilirdi. Mükafatlandırma mərasimində çıxış edən V.Mustafayev bildirdi ki, bu mükafata prezident il ərzindəki fəaliyyətinə və ANS TV-nin fəaliyyətinin bərpası və lisenziya müddətinin uzadılmasında oynadığı müstəsna roluna görə, habelə həbsdə olan jurnalistləri əfv etdiyinə görə təltif olunub.
     Mərasimdəki çıxışında İlham Əliyev bir sıra məsələlərlə yanaşı Azərbaycan mətbuatı barədə fikirlərini bildirib. O qeyd edib ki, ANS-i fəaliyyəti digər mətbuat orqanlarına nümunə olmalıdır. “Bəzi mətbuat orqanlarında qondarma Dağlıq Qarabağ seperatçılarının başçıları təbliğ olunur, onlara bəraət qazandırılır və onların törətdikləri əməllər örtbasdır edilir. Azərbaycan əsgərləri isə ittiham edilir. Belə jurnalistlərə nəinki mətbuatda hətta cəmiyyətdə də yer yoxdur.”