HƏBSDƏ OLAN AMİP FƏALI 5 GÜNDÜR ACLIQ AKSİYASINA BAŞLAYIB

10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) İmişli rayon təşkilatının fəalı Musa Rahim may ayının 30-dan aclıq aksiyasına başlayıb.

Bu barədə RATİ-yə məlumat verən AMİP katibi Əli Orucovun sözlərinə görə,  M. Rahim həbsxanada saxlanma şəraitinin dözülməzliyinə, onun müalicə edilməməyinə və dövri mətbuatla tanış olmasına imkanın yaradılmamağına  etiraz olaraq bu addımı atdığını bəyan edib.
"Rayonu bürüyən haqsızlığa, rüşvətxorluğa və torpaqlarının zəbt edilməsinə etiraz edən Musa Rahim 2007-ci il may ayının 10-da aclıq aksiyasına başlamışdı. Sonra həyətində çadır quraraq, ailəsi ilə birlikdə oraya köçdü. Habelə evinin damının bir hissəsini sökərək ora müxtəlif şüarlar asdı. Bu vəziyyətdən qıcıqlanan rayon rəhbərliyi onu zərərsizləşdirmək qərarına gəldi. Beləliklə, 2007-ci il avqust ayının  23-də çayxanadan evinə gedərkən polislər tərəfindən saxlanılan Musa Rahim guya, polisə müqavimət göstərməkdə günahlandırılaraq saxta ittihamla həbs olundu», – deyə Ə.Orucov qeyd etdi.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqə Şöbəsinin rəisi Mehman Sadıqov isə RATİ-nin əməkdaşı ilə telefon söhbətində  M.Rahimin  aclıq aksiyası keçirməsi ilə bağlı  məlumatı təkzib etdi: “Musa Rahim may ayının 5-də aclıq edib. Həmin aclıq aksiyası da cəmi üç gün davam edib. Bu hadisə ilə əlaqədar o, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb, bir müddət sonra ambulator müalicəyə ehtiyacı olmadığından yenidən cəza çəkdiyi müəssisəyə qaytarılıb. Hazırda isə onun aclıq etməsi barədə yayılan xəbərlərin əsası yoxdur. Əgər belə bir hal olsaydısa saxlanıldığı müəssisənin rəhbərliyi bizi məlumatlandırardı”.
Qeyd edək ki, M. Rahim Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirli bilinərək 2007-ci avqust ayının 23-də də 5 il müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

İFEX OSLODA 14-CÜ İLLİK TOPLANTISINI KEÇİRİR

Next Post

AZƏR ƏHMƏDOVUN BAŞ PROKURORLUĞA VƏ MTN-Ə QARŞI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.