TOMAS HAMMARBERQ AZƏRBAYCANLA BAĞLI HESABAT AÇIQLAYIB

Bu gün (29 iyun) Avropa Şurasının İnsan Haqları Komissarı Tomas Hammarberq hesabat açıqlayıb.

Bu il martın 1-dən 5-dək Azərbaycanda olan və Naxçıvan Muxtar Respublikasına da baş çəkən Hammarberqin hesabatı söz azadlığı, sərbəst toplaşma, hüquq-mühafizə işçilərinin davranışı məsələlərini əhatə edir. “Azərbaycanda söz azadlığı məhdudlaşdırılır, ciddi irəliləyişlər lazımdır” – deyə hesabatda vurğulanır. Tomas Hammarberq jurnalistlərə və insan haqları müdafiəçilərinə təhdidlərdən, zorakılıqdan, bu halların tam araşdırılmamasından narahat olduğuna diqqət çəkib:  ”Hakimiyyət tənqidi fikir söyləyən jurnalistləri və başqalarını istənilən zorakılıqdan daha yaxşı qorumalıdır. Belə hərəkət edənlər lazımi cəzasını almalıdır”.

 

    Tomas Hammarberq qeyd edib ki, Eynulla Fətullayev, Emin (Milli) Abdullayev və Adnan Hacızadə kimi baxışlarına, fikirlərinə görə həbs olunanlar dərhal azadlığa buraxılmalıdır. Komissar vurğulayır ki, qanunvericiliyi Avropa standartlarına uyğunlaşdırmaq üçün diffamasiya maddələri Cinayət Məcəlləsindən çıxarılmalıdır. O, jurnalistlərin professionallığının artırılmasının vacib olduğunu deyib və həmçinin Mətbuat Şurasının dərc etdiyi reket qəzetlər siyahısından narahatlıq ifadə edib və bu təcrübəyə yenidən baxmağı təklif edir.

 

    Tomas Hammarberq, hakimiyyətə BBC, “Azadlıq” Radiosu, “Amerikanın Səsi” və “Avropa+” radio stansiyalarını FM dalğalarına qaytarmağı da tövsiyə edib.

 

    Komissar hakimiyyətin QHT-lərin qeydiyyatını asanlaşdırmaq yönündə addımlarını təqdir edir, ancaq sərbəst toplaşma azadlığını məhdudlaşdıracaq son qanunvericilik dəyişikliklərindən narahatdır. ”Hakimiyyət QHT-lərin fəaliyyətinə ciddi nəzarətdən çəkinməlidir. Təşkilatları qeydiyyatdan çəkindirməmək üçün qeydiyyat üçün tələblər və prosedurlar, həmçinin dini icmaların yenidən qeydiyyatı sadə olmalıdır” – deyə hesabatda vurğulanır.

 

    Hesabatda həmçinin Komissar hüquq-mühafizə işçiləri ilə bağlı bütün işgəncə iddialarının müstəqil və səmərəli araşdırılmasına, müvafiq sanksiyaların tətbiqinə, polisin Bənənyar sakinlərilə pis rəftarına aid bağlı bütün iddialar səmərəli şəkildə, beynəlxalq standartlara uyğun araşdırılmasına çağırır və yerli məhkəmə qərarlarının icra olunmamasından narazılıq ifadə edir.

 

    Hammarberq onu da vurğulayır ki, Naxçıvanda şikayət edən şəxslərin psixiatrik müəssisələrə məcburi yerləşdirmə halları olduğundan, belə xəstəxanalara yerləşdirmə ancaq tibbi ekspertizaya əsaslanan məhkəmə qərarları ilə olmalıdır.

    Hesabata Azərbaycan rəsmilərinin cavabı da hesabata əlavə olunub.

 

Hesabatı ingilis dilində tam oxumaq üçün bu linkə müraciət edin: https://wcd.coe.int/ViewDoc.jsp?id=1642017

 

Previous Post

HƏBSDƏ OLAN BLOQÇU EMİN MİLLİNİN ATASI VƏFAT EDİB

Next Post

İNSAN HÜQUQLARI ÜZRƏ TƏŞKİLATLAR AŞPA-NIN AZƏRBAYCANLA BAĞLI QƏBUL ETDİYİ QƏTNAMƏSİNİ ALQIŞLAYIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.