HƏBS OLUNMUŞ EMİN MİLLİNİN “FASEBOOK” AKKAUNTU BAĞLANIB

“Alumni Network” Gənclər təşkilatının koordinatoru, AN onlayn televiziyasının rəhbəri Emin Milli(Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadənin həbsinin təxribat xarakterli olduğu və onların məhz internetə yerləşdirdikləri məlumatlara və videoçarxlara görə təqib olunduqları təsdiqini tapır. Belə ki, gənclərin həbsindən sonra Emin Millininin internetdəki  “FaseBook” şəbəkəsində olan akkauntu bağlanmışdır.

Gənc bloqçuların həbsi ilə bağlı yaradılmış Müdafiə Komitəsinin Əlaqələndirmə Qrupu bununla bağlı araşdırma aparıb. Qrupun koordinatoru, müstəqil hüquqşünas Erkin Qədirli Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna bildirib ki, Emin Milli həbs olunduqdan sonra həyat yoldaşı onun akkauntu vasitəsilə bloqçunun şəbəkədə olan dostlarına həbslə bağlı link göndərib. Bundan sonra isə akkaunt tamamilə bağlanıb. “FaseBook” şəbəkəsinin adminstrasiyası ilə e-mail və telefon vasitəsilə əlaqə saxlanılıb. “İlkin olaraq bildirdilər ki, həbslə bağlı link göndərilmiş məktubları sistem “spam” kimi qəbul etdiyindən, akkaunt bağlanıb. FaseBook”-dan həmçinin məsələni araşdırıb, məsələ ilə bağlı əlavə məlumat verəcəklər” – deyən E.Qədirli əlavə etdi ki, yaxın günlərdə cavab verilməsə “FaseBook” adminstrasiyasına yenidən müraciət edəcəklər.
     Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı gənclərə hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  Hər iki gənc hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
Previous Post

QƏNİMƏT ZAHİD GƏNC FƏALLARIN HƏBSİNİ SÖZ AZADLIĞINA TƏZYİQ KİMİ QİYMƏTLƏNDİRİB

Next Post

ANDRES HERKEL BLOQÇU GƏNCLƏRİN HƏBSİNƏ MÜNASİBƏT BİLDİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.