EYNULLA FƏTULLAYEVİN BAŞ PROKURORA QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ BAXIŞI TƏYİN EDİLİB

         Aprelin 14-də Səbail rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru, məhbus jurnalist  Eynulla Fətullayevin Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova qarşı “Təqsirsizlik prezumpsiyası hüququ”nun pozulmasına dair  ondan üzür istənilməsi tələbinə dair məhkəmə hazırlıq iclası  keçirilib.

Cavabdeh tərəf iddianı əsassız hesab etsə də, hakim məhkəmə baxışının təyin edilməsi barədə qərar çıxarıb. Hakim  Fətullayevin işi üzrə məhkəmə baxışını qeyri-müəyyən vaxta təyin edib.

Qeyd edək ki, həm Avropa İnsan Hüquları Məhkəməsinin, həm də Ali Məhkəmə Plenumunun qanuni qüvvəyə minmiş qərarları ilə müəyyən edilib ki, Eynulla Fətullayev barəsində qondarma terrorçuluq ittihamı ilə istintaq aparıldığı dövrdə baş prokuror Zakir Qaralov mətbuata verdiyi açıqlamasında jurnalistin təqsirsizlik prezumpsiyası hüququmu pozaraq, onun barəsində  ictimai rəydə əvvəlcədən təqsirli olmağına dair mütləq fikir yaradıb. Eynulla Fətullayev baş prokurorun  səsləndirdiyi ifadəni  istintaqın gedişinə prosessual nəzarəti həyata keçirən Respublika Prokurorluğunun mövqeyinin ifadəsi kimi dəyərləndirərək, bunu təqsirsizlik prezumpsiyası hüququnun  pozulması kimi qiymətləndirmişdir.

Xatırladaq ki,   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib. Hazırda isə jurnalist saxta narkotik ittihamı ilə həbsdə saxlanılır.

 

Previous Post

APRELİN 12-DƏN CATEL İSTİFADƏÇİLƏRİ RABİTƏSİZ QALIBLAR

Next Post

NARKOTİK İTTİHAMI İLƏ HƏBS EDİLƏN GƏNC FƏAL UNİVERSİTETDƏN DƏ QOVULDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.