SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTUNUN OFİSİ ƏŞYALARI İLƏ BİRGƏ YERLƏ YEKSAN EDİLDİ

Sülh və Demokratiya İnstitutunun  Şəmsi Bədəlbəyli küçəsi 38 ünvanında yerləşən ofisi avqustun 11-də axşam saatlarında içindəki avadanlıqlar çıxarılmadan  söküldü.

Hadisə yerində olan Obyektiv TV əməkdaşlarının müşahidələrinə görə, polis və xeyli sayda mülki şəxsin nəzarəti altında söküntü bir neçə gənc fəhlə və ağır texnikanın köməkliyi ilə aparılıb. Habelə ofisdən yalnız bir-neçə stul və 2 ədəd Bakı istehsalı olan kondisioner salamat çıxarılaraq kənarda qoyulub. Amma ofisin mebeli, sənədlər, seyf, kompyuterlərin hamısı içəridə saxlanılsa da ekskavatorla ofis yerlə yeksan edilib.   
 
Qeyd edək ki,  söküntü işlərinə nəzarət edən Dövlət Əmlak Komitəsinin əməkdaşı Yusif Qəmbərov  jurnalistlərə  təzyiq edib. Konkret olaraq o “Azadlıq” radiosu üçün çəkiliş aparan Turxan Qarışqanı (Kərimovu) itələyib və onu təhqir edib, habelə “Ayna-Zerkalo” qəzetləri və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasova təhqir etməklə bərabər ona fiziki zor da tətbiq edib. Nəticədə jurnalist  sağ qolundan xəsarət alıb. Y.Qəmbərov İ.Abbasovun ərazidə foto çəkiliş aparmasına mane olub. Ondan RATİ-yə məxsua Nikon D-7000 markalı professional fotoaparatını almağa cəhd edib. Jurnalist hadisə ilə bağlı dərhal polisə rəsmi qaydada şikayət edib və bu gün məhkəmə tibbi ekspertizasından da keçib.
 
Belə ki, Sülh və Demokratiya institutunun rəhbəri Leyla Yunusun həyat yoldaşı Arif Yunusla xaricdə ezamiyyətdədirlər. Onlar bir müddət bundan əvvəl ofisin sökülməsi ilə bağlı məhkəmə qərarın icraatının  dayandırıldığı açıqlamışdılar.

Xatırladaq ki, bir müddətdir ki, “Qış Parkı”nın salınması ilə əlaqədər Şəmsi Bədəlbəyli küçəsindəki evlərin söküntüsünə başlanıb. İşi dövlət qurumlarından ibarət köçürmə komissiyası həyata keçirdir.

Amma bəzi sakinlər, o cümlədən də Azərbaycanda insan haqlarının müdafiəsi ilə məşğul olan Sülh və Demokratiya İnstitutu bu ərazidə yerləşən mülkiyyətindən çıxmaq istəmirdi. Sakinlər rəsmilərin təklif etdikləri kompensasiyanın onların əmlakının dəyərindən az olduğunu iddia edərək, mülklərini tərk etməkdən imtina edirlər.

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİNİN MƏHKƏMƏSİ DAVAM EDİR

Next Post

İSLAMAZERİ.AZ İNTERNET QƏZETİNİN BAŞ REDAKTORU NARKOTİK VƏ QANUNSUZ SİLAH SAXLAMA İTTİHAMI İLƏ HƏBS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.