BƏYANAT

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan”  qəzetlərinin əməkdaşı Üzeyir Cəfərovun ölümlə hədələnməsindən olduqca narahatdır.

Cəfərov RATİ-yə bildirib ki, yanvarın 28-də onun mobil telefonuna gizli nömrədən 300-ə qədər zəng gəlib və eyni səsli kişi cinsindən olan naməlum şəxs jurnalistə qarşı “başına oyun açacağıq”, “səni məhv edəcəyik” və bu kimi hədələyici ifadələr işlədib. Bu hal yanvarın 29-da davam edib və Cəfərova 600-dən artıq zəng gəlib.
    Maraqlıdır ki, yanvarın 28-də Bakı Apellyasiya Məhkəməsi Üzeyir Cəfərovun Yasamal Rayon Polis İdarəsinə qarşı şikayətini təmin etməmişdi. Şikayət Cəfərova qarşı 20 aprel 2007-ci ildə edilmiş hücumla bağlı cinayət işinin açıldığı polis idarəsinin müstəntiqinin hərəkətsizliyindən verilmişdi. Bu hücum “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan”  qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbs edilməsi barədə məhkəmə qərarının çıxdığı gün və qəzetin redaksiyasının qarşısında baş vermişdi. Jurnalist ona hücum edən şəxslərdən birinin Yasamal Rayon Polis İdarəsinin əməkdaşı Nəbi Rəcəbovun olduğunu istintaqa bildirmişdi.
    RATİ qeyd edir ki, bu Azərbaycanda jurnalistlərin naməlum şəxslər tərəfindən ilk hədələnmə faktı deyil. “Yeni Müsavat” qəzetinin Naxçıvan üzrə bölgə müxbiri, “24 Saat” qəzetinin baş redaktoru Fikrət Fərəməzoğlu və “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan”  qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, və  “Turan” İnformasiya Agentliyinin müxbiri və RATİ-nin həmtəsisçisi Sarvan Rizvanov ötən il gizli nömrələrdən gələn zənglərlə hədələnmişdilər. Bu hallarla bağlı hüquq-mühafizə orqanlarına edilən müraciətlərin heç biri müsbət həll edilməyib və RATİ-nin məlumatına görə, Azərbaycanda KİV nümayəndəsini hədələyən bir nəfər belə məsuliyyətə cəlb edilməyib.
RATİ Azərbaycanın hüquq-mühafizə orqanlarını Üzeyir Cəfərova qarşı hədələri ciddi surətdə araşdırmağa və Cəfərovun təhlükəsizliyini təmin etməyə çağırır. Bu ona görə vacibdir ki, istintaq nəticəsində bu zənglərin tamam digər şəxslər və ya məhkəmə iddiasına səbəb olmuş jurnalistə qarşı edilən hücumla əlaqəli olan şəxslər tərəfindən edildiyi müəyyənləşsin.  
RATİ hesab edir ki, Cəfərovun müraciət etdiyi “Azercell” Birgə Müəssiəsi zənglərin edildiyi nömrənin sahibini müəyyənləşdirməklə bu məsələnin araşdırılmasında yardımçı olmalıdır. Bu mənada “Azercell” BM jurnalistlərin qurbanı olduğu cinayət işləri zamanı uzun sürən müddət ərzində cəzasızlığın aradan qaldırılması istiqamətində həlledici rol oynaya bilər.  
RATİ eyni zamanda beynəlxalq təşkilatları u məsələni araşdırmağa və Azərbaycan hüquq-mühafizə orqanlarından Cəfərova qarşı edilmiş ölüm hədələri ilə bağlı ətraflı təhqiqat aparmağı tələb etməyə çağırır. Cəfərova edilmiş hücumu nəzərə alaraq, bu hədələrin Cəfərovun həyatı üçün təhlükəli olmasına şübhə yoxdur, əxirəsalınmaz və adekvat tədbirlərin görülməsi zəruridir.

Previous Post

ŞAHİDLƏR MƏHKƏMƏYƏ GƏLMƏKDƏN İMTİNA EDİBLƏR

Next Post

ÜZEYİR CƏFƏROV HƏDƏLƏNİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.