REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU VƏ MEDİA HÜQUQU İNSTİTUTUNUN BİRGƏ BƏYANATI

Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutu  və Media Hüququ İnstitutu  bu gün (20 iyul) Apelyasiya məhkəməsinin gənc bloqçular – Emin Milli (Abdullayev) və  Adnan  Hacızadənin  barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı qərarı qüvvədə saxlanılmasını əsassız sayır və bu qərarı qətiyyətlə pisləyir. 

RATİ və MHİ hesab edir ki, gənclərin ilk gündən  həbsə alınmasını, onlara qarşı qeyri-insani rəftar faktlarını, saxlandıqları vaxtdan etibarən 24 saatadək vəkillə görüşməyə imkan verilməməsi faktını nəzərə almadan onların şikayətini rədd edən qərar çıxarılması, bu qərarın sifarişli olduğunu sübuta yetirir.
Belə ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində axşam saatlarında  restoranında yemək yeyərkən, idmançı görkəmli iki nəfər onlara  hücum edərək, Emin Milli və Adnan Hacızadəni təhqir edərək döymüş və xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, polis onlara xəsarət yetirən təxribatçıları  sərbəst buraxmış, döyülən gəncləri isə şübhəli şəxs qismində saxlayıb. İyulun 10-da isə Səbail rayon məhkəməsi 221.2.1 (xuliqanlıq) maddəsi ilə Emin Milli və Adnan Hacızadə barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.
RATİ  və MHİ  hesab edir ki, Emin Millinin və Adnan Hacızadənin Azərbaycan Konstitusiyasında və Avropa İnsan Haqları Konvensiyasında, insan haqları ilə bağlı digər beynəlxalq sənədlərdə nəzərdə tutulan –  ifadə azadlığını, azadlıq və toxunulmazlıq hüququnu, işgəncəyə, qeyri insani rəftara və ləyaqəti alçaldan rəftara məruz qalmamaq haqlarını, zəruri hüquqi müdafiə imkanından istifadə hüququnu, ictimai və siyasi baxışlarına və fəaliyyətlərinə görə ayrı-seçkiliyə məruz qalmamaq haqlarını pozulub.
RATİ və MHİ onu da qeyd edir ki, Emin Milli və Adnan Hacızadə ailələrində işləyən yeganə şəxslər idi və hər ikisinin yaşlı valideynləri onların himayəsindədir. Bu səbəbdən də onların həbsi ailələri üçün həm mənəvi, həm də maddi problemlər yaradır.
RATİ və MHİ Apellyasiya məhkəməsinin qərarı qüvvədə saxlayarkən gənclərin istintaqdan yayına biləcəyi və istintaqın gedişatına mane ola biləcəklərini əsas kimi götürməsini absurd və əsassız hesab edir. Belə ki,  gənclərin istintaqdan yayına biləcəyi və istintaqın gedişatına mane ola biləcəkləri əsaslı dələ yox, sadəcə ehtimaldır buna görə isə ən ağır – azadlıqdan məhrumetmə – tədbirinin seçilməsi yolverilməzdir.
RATİ və MHİ Azərbaycan hökumətini təxribat və siyasi sifariş əsasında həbs olunmuş gənc fəalları dərhal azad etməyə və onlara qarşı təxribat törədən və ciddi xəsarət yetirən şəxsləri məsuliyyətə cəlb etməyə çağırır.
RATİ və MHİ  beynəlxalq ictimaiyyətə müraciət edərək, onlardan Azərbaycan hökuməti ilə gənclərin azad olunması istiqamətində səylərin gücləndirməyə çağırır.

Previous Post

HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN CƏNUBİ QAFQAZ ŞƏBƏKƏSİNİN BƏYANATI

Next Post

“NOTA” QƏZETİNİN BAŞ REDAKTOR ƏVƏZİNƏ 7 AY İCBARİ İŞ VERİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.