Martın 18-də Yasamal Rayon Məhkəməsində Daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı xüsusi ittiham qaydasında qaldırdıqları iddialar əsasında ayrı-ayrılıqda məhkəmə prosesləri keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna qəzetin redaktoru Rahim Hacıyev məlumat verib.
“İddiaçılar qəzet təkzib verdiyi üçün nazirlər iddialarını geri götürdülər. Məhkəmə iddiaçıların iddiadan imtinası barədə olan ərizələrini qəbul edib və işin məhkəmə icraatına qəbulundan imtina olunması barədə qərar verib”,-deyə Hacıyev qeyd edib.
Xatırladaq ki, daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı xüsusi ittiham qaydasında ayrı-ayrılıqda iddia qaldırıblar. Buna səbəb Azadlıq” qəzetində dərc olunmuş “Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib” başlıqlı məqalə olub.
Onu da qeyd edək ki, Martın 12-də isə “Azadlıq” qəzeti təkzib verərək daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan üzr istəyib.