REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

avqust 4th, 2009
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına (NMR) səfərini müşahidə etmək istəyən yerli jurnalistlərə NMR Milli Təhlükəsizlik Nazirliyi və NMR Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən təzyiq edilməsi faktını qətiyyətlə pisləyir.

Belə  ki, dünən (03 avqust) Prezidentin Naxçıvan Muxtar Respublikasına səfərini izləmək istəyən RATİ-nin Naxçıvandakı bölgə müxbirləri – Həkimeldostu  Mehdiyev və Elman Abbasov,  “Azadlıq” radiosu və “Turan” İnformasiya Agentliyinin müxbiri Məlahət Nəsibova, “Azadlıq” radiosunun foto müxbiri İlqar Nəsibov mülkü geyimli şəxslər tərəfindən prezidentin iştirakı ilə keçirilən tədbirlərə buraxılmayıb və müxbirlərin gün ərzində apardıqları foto və video materiallar məhv edilib. Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları, o cümlədən nazirliyin siyasi şöbəsinin rəisi Anar Gülməmmədov jurnalistlərə yaxınlaşaraq onları qanunsuz çəkiliş aparmaqda ittiham edib, onlardan  video kamera və fotoaparatların təhvil verilməsini təkid edib. Məcburiyyət qarşısında qalan müxbirlər uzun mübahisədən sonra foto və video kameraları MTN əməkdaşlarına təhvil veriblər. Foto və video kameralar jurnalistlərə yalnız çəkdikləri materiallar silindikdən sonra geri qaytarılıb.
Həmçinin bu gün (04 avqust)  səhər saatlarından RATİ-nin Naxçıvandakı müxbirlərin sərbəst hərəkət etmək azadlığı pozulub. Səhər saat 10.00-da prezidentin səfəri ilə məlumat toplamaq üçün şəhərə çıxmaq istəyən müxbirlər mülkü geyimli şəxslər tərəfindən saxlanılıblar. Müxbirlər onları saxlayanların kimlikləri ilə maraqlandıqda onlar şifahi şəkildə NMR DİN-in əməkdaşları olduqlarını bildiriblər. Təxminən yarım saatdan sonra sərbəst buraxılan jurnalistlərə prezidentin tədbir keçirdiyi ərazilərdən uzaq qalmaq  barədə əmr verilib.
       RATİ  bəyan edir ki, MTN əməkdaşlarının müdaxiləsi ilə jurnalistlərin foto və video çəkiliş aparmalarına mane olmaq və  aparılmış çəkilişlərin məhv edilməsi jurnalistlərin sərbəst informasiya toplamaq və yaymaq hüququnun pozulmasıdır. Bu da Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsinin (məlumat azadlığı), Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 163-cü maddəsinin (jurnalistin peşə fəaliyyətinə müdaxilə) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsinin pozulması deməkdir.
      RATİ Azərbaycan hakimiyyətini və xüsusilə NMR rəhbərliyini  jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə şərait yaratmağa, jurnalistlərin sərbəst informasiya əldə etmə və yayma hüququnu təmin etməyə çağırır.