NAXÇIVANDA JURNALİSTLƏRƏ TƏZYİQ DAVAM EDİR

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına (MR) səfəri ilə bağlı bu gün (04 avqust) jurnalistlərin fəaliyyəti tamamilə məhdudlaşdırılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvandakı bölgə müxbirləri xəbər veriblər.

RATİ-nin Naxçıvan bölgə müxbirlərinin jurnalistika ilə məşğul olmaq üçün müvəqqəti kirayələdikləri mənzilin yerləşdiyi binanın ətrafında çoxlu sayda polis postları qoyulub və müxbirlərin  ofisdən çıxmasına maneçiliklər yaradılıb. Saat 10.00-da prezidentin səfəri ilə bağlı məlumat əldə etmək üçün şəhərə çıxmaq istəyən müxbirlər küçədə mülkü geyimli şəxslər tərəfindən saxlanılıblar. Onlara hərəkət etmələri qadağan olunub.
Müxbirlər onları saxlayanların kimlikləri ilə maraqlandıqda, özlərini MR Daxili İşlər Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslərdən biri adının Etibar olduğunu bildirərək, müxbirlərin əllərində olan diktofon və kameranı söndürməyi tələb edib. Halbuki, həmin vaxt müxbirlərin diktofon və kameraları bağlı vəziyyətdə olub. Uzun mübahisədən sonra, həmin şəxslər rəislərini  çağırıblar. MR DİN-in yüksək vəzifəli şəxsinin hadisə yerinə gəlməsindən sonra müxbirlərə yalnız bir istiqamətdə – prezidentin tədbirdə iştirak etdiyi Heydər Əliyev sarayının əks istiqamətində hərəkət etməyə icazə verilib.
Həmçinin səhər saatlarından Naxçıvan şəhərində insanların və nəqliyyatın hərəkəti tamamən məhdudlaşdırılıb. Bütün məhəllə və küçələrdə hüquq mühafizə orqanlarının mülkü geyimli əməkdaşları tərəfindən postlar yaradılıb. Dövlət başçısının hərəkət etdiyi ərazilərdən ən azı 2-3 km məsafədə, hətta binaların həyətində də insanların hərəkəti qadağan edilib. Şəhərin əsas məhəllələrində elektrik enerjisi kəsilib. İnternetə giriş məhdudlaşdırılıb və elektrik olmadığı üçün internet klubların fəaliyyəti saatlarla dayanıb.
Previous Post

BAŞ REDAKTORA QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.