REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 6 il əvvəl –  2003-cü ilin 16 oktyabr hadisələrində jurnalistlərin kütləvi şəkildə döyülməsi faktlarının bu günə kimi araşdırılmamağını böyük təəssüf hissi ilə qarşılayır və Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı zorakılıq tətbiq edənləri cəzalandırmağa çağırır.

Belə  ki,  15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkisindən bir gün sonra – 16 oktyabrda “Azadlıq” meydanında baş tutan mitinqdə polis nəfərləri və Daxili Qoşunların əsgərləri ilə yanaşı, hansı quruma aid olduqları məlum olmasa da, qara rəngli xüsusi uniformada olan xüsusi hazırlıqlı şəxslər və mülki geyimli qoçu dəstələri aksiya iştirakçılarına və jurnalistlərə qarşı  fiziki təzyiqlər göstəriblər. Təzyiqə məruz qalmış jurnalistlərin yerli qanunvericilikdə və beynəlxalq hüquqi aktlarda nəzərdə tutulmuş bir çox hüquqları – Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsi (məlumat azadlığı), Azərbaycanın Respublikasının Cinayət Məcəlləsinin 163-cü maddəsi (jurnalistin peşə fəaliyyətinə müdaxilə) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsi pozulmuşdur. Qanuni peşə fəaliyyətini yerinə yetirərək məlumat toplamaq istəyən jurnalistlərə fiziki təzyiq göstərənlərin tapılaraq cəzalandırılması üçün dəfələrlə beynəlxalq təşkilatlar Azərbaycan hökumətinə müraciət etsələr də, bu istiqamətində hələ də nəticə əldə olunmamışdır.
      RATİ  onu da vurğulayır ki, 2003-cü ildə baş vermiş  hadisədəki günahkarların cəzalandırılmamasının nəticəsidir ki, keçən 6 il ərzində jurnalistlərə qarşı hüquq-mühafizə orqanları tərəfindən fiziki təzyiq halları səngiməmiş,  əksinə günbəgün artmışdır.
     RATİ  bir daha Azərbaycan hökumətini siyasi iradə nümayiş etdirib jurnalistlərə qarşı fiziki təzyiq göstərən şəxslərin tapılıb cəzalandırılmasına çağırır.
 
Previous Post

SƏHHƏTİ KƏSKİN PİSLƏŞƏN MÜŞFİQ HÜSEYNOV MÜALİCƏ MÜƏSSİSƏSİNƏ YERLƏŞDİRİLİB

Next Post

“YENİ MÜSAVAT”: “YENİ TELEKANAL AÇILACAQ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.